“Turan”ın sabiq prezidenti Qurban Qurbanovla bağlı xatirələrini danışdı

25 Sentyabr 2026 13:49
90
“Turan”ın sabiq prezidenti Qurban Qurbanovla bağlı xatirələrini danışdı

“Turan Tovuz” futbol klubunun ilk prezidenti Vidadi Əhmədov Azərbaycan çempionluğunu əldə etdikləri 1993/1994 mövsümündə komandada çıxış etmiş Qurban Qurbanovla bağlı maraqlı hadisələri nəql edib.

İdman.Biz xəbər verir ki, Əhmədov ilk öncə “Neftçi”də oynayan Musa Qurbanov üçün danışıqlara getdiklərini bildirib.

“Rəhmətlik Ruslan Abdullayev dedi ki, qapıçımız etibarlıdır, müdafiə xəttimiz normaldır, İlham Məmmədov və Vidadi Rzayev kimi hücumçuları topla normal təmin edə bilən yarımmüdafiəçilərimiz var. Bircə qol vura biləcək hücumçumuz yoxdur. Bütün komandalara qarşı üstün oynasaq da, qol vura bilmir, çox çətinliklə qalib gəlirdik. Hücumçu gətirməyimizi istədi. “Kimi gətirək, hardan tapaq?”, deyə soruşduqda “O vaxtlar “Neftçi”də Musa Qurbanov adlı zaqatalalı taran tipli forvard var. Yaxşı olar ki, onu gətirəsiniz” cavabını verdi. Mən də klubumuzun əməkdaşları Şahin Hümbətov və İman Həsənovu Musa Qurbanovun arxasında göndərdim. Onlar gedib Musa ilə görüşəndən sonra mənə zəng edərək, “burada Musadan başqa qardaşı Qurban da var. Cavan oğlandır, Gürcüstana getmək istəyir. Bəlkə onu da gətirək?”, - deyə soruşdular. Səhv etmirəmsə, 21 yaşı var idi. Mən də razılıq verdim, gətirdilər”, - deyə Əhmədov sportify.az-a söyləyib.

Keçmiş prezidentin sözlərinə görə, Qurban Qurbanovun komandaya uyğunlaşması bir qədər vaxt alıb:

“Qurbanın komandamızda oynadığı dövrlə bağlı iki maraqlı epizod yadımdadır. Yeni gəldiyi vaxt oyunların birində Vidadi Rzayev Qurban Qurbanova yaxşı ötürmə verdi ki, qol vursun. Qurban isə ötürməni qola çevirə bilmədi. Topu kənara vurduqda, Rzayev üzünü mənə tutaraq, “Vidadi müəllim, bunu hardan gətirmisiniz” dedi”.

Klubun sabiq prezidenti bildirib ki, qısa müddət sonra Musa və Qurban yüksək səviyyəli oyun nümayiş etdirməyə başlayıblar:

“Bir dəfə də Gəncədə “Kəpəz”i 3:1 hesabı ilə məğlub etmişdik. Oyundan sonra azarkeşlərimiz deyirdilər ki, Musa və Qurban “Kəpəz”in müdafiəçilərini elə günə salmışdılar ki, onlar gələndə rəqib komandanın arxa xətt oyunçuları şlyapalarını çıxarıb “Buyurun keçin, cənablar” deyirdilər. Yəni, daha çox qol vura bilərdik, onlar isə xahiş edirdilər ki, az vuraq. Bax, bu epizodlar yadımda qalıb”.

Xatırladaq ki, Qurban Qurbanov “Turan”da 1993 - 1995-ci illərdə çıxış edib. O, ümumilikdə 54 oyunda 21 qol vurub. Musa Qurbanov isə 1993-1996-cı illərdə çıxış etdiyi Tovuz komandasında 64 oyunda 56 dəfə fərqlənib. Hər iki futbolçu 1993/1994 mövsümündə Azərbaycan çempionluğu qazanıb. Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.

İdman.Biz