“Onsuz da doğma klubu “Neftçi”dən əzəli rəqibi “Xəzər-Lənkəran”a keçəndən ürəyi çox sıxılırdı. Allah tərəfi, “Rubin”dən gələn növbəti təklif tam ürəyindən olmuşdu”.
İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin yetirməsi, Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışovun qardaşı, həmçinin meneceri Sərxan Abışov özünün sosial şəbəkə hesabında paylaşıb.
O, bu gün karyerasını rəsmən başa vuracaq qardaşı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib, xatirələrini qeyd edib. Menecer bildirib ki, Ruslan Rusiyada yeni klubuna yollanmazdan 5 gün əvvəl burnundakı çəpər əyriliyi səbəbi ilə keçirdiyi əməliyyat uğursuz alıb: “Bu səbəbdən komandanın ilk məşqlərini kəskin qanaxmaya görə dəfələrlə yarımçıq saxlayırdı. Bir neçə gündən sonra isə tibbi müayinədən keçməli və “Rubin”lə 5 illik müqavilə nəzərdə tutulmuşdu. Antalyanın adlı-sanlı klinikalarının birində keçirilən müayinə nədənsə bitmək bilmirdi. Klub həkimlərinin klinika mütəxəssisləri ilə uzun sürən diskussiyası heç də xoş əlamət deyildi. Nəhayət, xəstəxananın baş həkimi məni otağına dəvət edib, olduqca məyus halda, eyni ilə bu ifadəni işlətdi: “Ruslanın ürəyində ciddi problem var, qardaşınızın bu vəziyyətdə futbol oynamağı mümkün deyil”. Və mən… (şərhsiz)”.
O bildirib ki, daha sonra həkim bu vaxta qədər Abışovun necə futbol oynadığına təəccüblənib: “Mən isə ona acığımdan məsələni şişirtdiyini, mərdimazarlıq etdiyini dedim və ondan daha məsuliyyətli rəy verməsini tələb etdim. Ancaq heç nə dəyişmədi. Müayinənin nəticələri dərhal Almaniyaya göndərildi və oradan gələn cavab ailəliklə hamımızı sarsıtdı. Bəli, Ruslan ürəyindən əməliyyat olunmalı idi. Karyerasını davam etdirmək üçün bu, qaçılmaz idi. Sonrakı aqibəti həkimin qərarından asılı idi. Ölkədə isə müqavilənin niyə bu qədər uzandığını məndən soruşmayan adam qalmamışdı. Əslində nəinki “Rubin”, ümumiyyətlə, qardaşımın karyerasının bitmək üzrə olduğunu qəbul etmişdik. 7 saat davam edən əməliyyatın ardından hər şeyin qaydasında olduğunu bildirdilər. 5 gün sonra almaniyalı həkimdən böyük həyəcanla gözlədiyimiz rəyi, yarım aya yaxın, gülməyən üzümüzü az da olsa, güldürdü. Bundan sonra oynamağında cüzi də olsa, risk qalırdı. Lakin həkim Bundesliqada oynayan bəzi futbolçuların da məhz bu problemlə üzləşdiyini və əməliyyat olunduqdan sonra oynadıqlarını da deyərək son qərarı Ruslanın özünə saxlamışdı. O, artıq Bakıya qayıtmış, bir müddətdən sonra yerli klubların birində karyerasını davam etdirmək barəsində fikirləşirdi. Bu anda “Rubin”in baş məşqçisi Qurban Berdiyevdən gələn gözlənilməz zəng, həqiqətən, təsirli olmuşdu. Ruslanın psixologiyasının hansı vəziyyətdə olduğunu başa düşən Berdiyev ona toparlanmaq üçün vaxt verəcəyini və daha da güclü qayıdacağına inandığı üçün ona kömək edəcəyini bildirmişdi. 2 gün sonra isə Ruslan artıq “Rubin”lə İspaniyanın Marbella şəhərindəki düşərgəsində idi. Məlum əməliyyatdan sonra Ruslanın oyunlarını bacardıqca stadiondan canlı izləməyə çalışırdım. Adi epizodlarda yerdə yarım saniyə hərəkətsiz qalanda belə dərhal ağlıma hər cür fikir gəlirdi…”.
Ruslan Abışov bu gün yetirməsi olduğu “Neftçi”nin “Zenit”lə yoxlama oyununda bıtsularını mıxdan asacaq. Qardaşı buna görə, Bakı təmsilçisinə təşəkkür edib: “Allaha çox şükür, qardaşım artıq bu gün, karyerasında sonuncu oyununa çıxacaq. Ona ən çox yaraşan ağ-qara formasıyla “Zenit”ə qarşı matçdan sonra futbolla vidalaşacaq. Doğma klubu “Neftçi” ailəsinə Abışovun ürəyindəki arzusunu reallaşdırdığı üçün təşəkkür edirəm! Bundan başqa, hər zaman Ruslana dəstəyini əsirgəməyən, mənim idman jurnalistikasında olan qardaşlarıma, bütün azarkeşlərə (xüsusilə sadiq azarkeşlərinə) sidq-ürəkdən minnətdarlığımı bildirirəm!”.
İdman.biz