“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının altıncı turunda “Qəbələ” üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis “Sabah”ın Çempionlar Liqasında iştirakı ilə əlaqədar qarşıdakı oyunun təxirə salınması ehtimalına münasibət bildirib.
“Əgər onlar matçın təxirə salınmasını istəsələr, müvafiq xahişlə müraciət edəcəklər. Biz belə məsələlərə loyal yanaşırıq. Ötən mövsüm biz həmçinin “Qarabağ”la matçın təxirə salınması ilə razılaşmışdıq. Biz “Sabah”ı dəstəkləməyə hazırıq”, – deyə Vernidub bildirib.
Baş məşqçi hələlik təxirəsalınma ehtimalı barədə düşünmədiklərini və komandanın yaxın planlarından danışıb.
“Futbolçulara istirahət vermək istəyirik. Altı oyunçumuz milli komandalara yollanır. Sentyabrın 24-də bazada toplaşacağıq və “Sabah”la oyuna hazırlaşacağıq. Rəqib ötən mövsümün çempionudur və hazırda yaxşı formadadır. Ciddi şəkildə hazırlaşacağıq. Oktyabrın 2-də “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcəyik, bundan sonra “Sabah”la matça bir həftəlik hazırlığa başlayacağıq. Daha sonra bizi “Qarabağ” və “Turan Tovuz”la görüşlər gözləyir”, – deyə o qeyd edib.
Vernidub, həmçinin “Qəbələ” ilə matçın ilk hissəsində “Neftçi”nin inamlı futbol sərgiləməməsinin səbəbini açıqlayıb.
“Burada oynamaq həmişə çətindir. Hava şəraitinə öyrəşmək üçün bir qədər vaxt lazımdır. Buna görə də birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Əsas odur ki, qalib gəldik”, – deyə mütəxəssis əlavə edib.
Emin Mahmudovun matçların fasiləsində əvəzlənməsi ilə bağlı suala cavab verən Vernidub bunun futbolçunun fiziki durumu ilə əlaqəli olmadığını vurğulayıb.
“Xeyr, bu, heç bir halda onun fiziki durumu ilə əlaqədar deyil”, – deyə “Neftçi”nin baş məşqçisi bildirib.
