“Qəbələ”nin məşqçisi Amil Ağacanov Azərbaycan Premyer Liqasının altıncı turunda “Neftçi”yə 0:3 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis nəticənin komanda üçün ağır olduğunu deyib. Onun sözlərinə görə, ilk qola qədər “Qəbələ” meydanda inamlı təsir bağışlayıb.
“Çox şey demək olar. Bizim üçün bu, ağır məğlubiyyət oldu. Biz rəqibi yaxşı təhlil etmişdik, bilirdik ki, “Neftçi”nin heyətində aqressiv və keyfiyyətli futbolçular var. Taktiki dəyişikliklər etmişdik. Hesab 0:1 olana qədər yaxşı görünürdük, topa nəzarət edirdik, aqressivlik var idi. Lakin sonradan rəqib meydana sürətli futbolçular buraxdı. Biz də müvafiq əvəzetmələr etdik, lakin təəssüf ki, belə ağır məğlubiyyətə uğradıq”, – deyə Ağacanov bildirib.
O, həmçinin “Qəbələ”nin yeni baş məşqçisinin tələblərindən danışıb.
“Əsas tələb topa daha çox nəzarət etmək və hücumları sürətli keçidlər hesabına qurmaqdır. Hazırkı 4-2-3-1 sxemində məhz bunlar tələb olunur. Gələcəkdə bunun üzərində daha çox çalışacağıq”, – deyə mütəxəssis qeyd edib.
Ağacanovun sözlərinə görə, əvəzetmələrdən sonra “Qəbələ”nin müdafiəsində problemlər yaranıb.
“Hesab 0:1 olana qədər nizam-intizamlı hərəkət edirdik. Oyuna daxil olan futbolçulara dərhal oyunun tempinə uyğunlaşmaq bəzən çətin olur. Ola bilər ki, onlar tempi tuta bilmədilər və müdafiədə sərbəst zonalarımız yarandı. “Neftçi”nin oyunçularının fərdi keyfiyyətləri yüksəkdir və onlar bu səhvlərimizə görə bizi cəzalandırdılar”, – deyə məşqçi əlavə edib.
Məşqçi komandaya qoşulan yeni əcnəbi qapıçı haqqında bunları bildirib:
“Biz onu birinci qapıçı kimi gətirməmişik. Kim güclüdürsə, o da dayanacaq qapıda. Bizdə Həbib Hüşənov da var. U-20 yığmasındadır. Onların toplanışları daha çox olduğu üçün qapıçı axtarırdıq. Rəqabət üçün qapıçı dəvət etdik. Səlahət Ağayev yaxşı formadadır. Arturdan da razıyıq. Gələcəkdə imkan olarsa, onu da meydana buraxacağıq”.
