Elmar Baxşıyev: “Bu, hamımıza siqnal olmalıdır”

Xəbərlər
5 Noyabr 2023 19:25
243
Elmar Baxşıyev: “Bu, hamımıza siqnal olmalıdır”

“Bizi ağır matçın gözlədiyini bilirdik. Rəqibimiz “Neftçi” idi. Oyunun dinamikasından razı qalmadım”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XII turunda “Neftçi” 0:2 hesabı ilə uduzan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis heyətlə bağlı sıxıntı olduğunu qeyd edib. Baxşıyev qarşıdakı oyunlarda fərqli “Qəbələ” olacağını bildirib: “Komandam istədiyim tempi qaldıra bilmədi. Rəqib də imkanlardan maksimum yararlandı. Bu, hamımıza siqnal olmalıdır ki, uçurumun dibindəyik və nələrisə düzəltmək üçün daha artığını etməliyik. Nəticəyə görə stress yoxdur. Son matçlarda Emil Səfərovla Ahmed Ayzayanın kənarda qalması çoxsaylı rotasiyalara məcbur edir. Əyyub Allaş ona yad olan dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Heyətlə bağlı sıxıntımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda hücum planında aktivliyi artıracaq və nəticə qazana bilərik. 12 matçda 7 qol vurmağımız aşağı göstəricidir. Kollektivimiz möhkəmdir. Matçlar da göstərir ki, meydanda o qədər aciz deyilik. Üstün keçirdiyimiz qarşılaşmalarda qalib gəlmək üçün lazım olan qolları vura bilməmişik. Komanda şəklində toparlanacağıq və qarşıdakı matçlarda daha sanballı “Qəbələ” görəcəyik”.

İdman.biz