UEFA Gənclər Liqası: “Qəbələ” “Puşkaş Akademiya” ilə heç-heçə edib

Xəbərlər
4 Oktyabr 2023 18:20
155
UEFA Gənclər Liqası: “Qəbələ” “Puşkaş Akademiya” ilə heç-heçə edib

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, “qırmızı-qaralar” Çempionlar yolunun I mərhələsində ilk oyununu keçirib.

Famil Xəlilovun yetirmələri Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə qarşılaşıb.

Görüş Qəbələ şəhər stadionunda baş tutub. Matç erkən qolla başlayıb. Şahin Şahniyarov 8-ci dəqiqədə qonaqların qapısına yol tapıb. Azərbaycan çempionu üstünlüyünü fasilə ərəfəsində əldən verib. Macarıstan klubu penalti ilə hesaba tarazlıq gətirib. İkinci 45 dəqiqə də qarşılıqlı hücumlarla keçib. Komandamız hesabı xeyrinə dəyişmək imkanları qazansa da, rəqib qapısına yol tapa bilməyib. Beləliklə, Qəbələdəki görüş qollu heç-heçə ilə başa çatıb – 1:1.

Qeyd edək ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək.

İdman.biz