“Komandanın hazırlığı plan üzrə davam edir. Artıq təlim-məşq toplanışının ikinci həftəsinə start vermişik. Futbolçuların fiziki və taktiki hazırlığı istiqamətində intensiv məşqlər keçirilir. Məşqçilər korpusu olaraq komandanı yeni mövsümə ən yaxşı şəkildə hazırlamağa çalışırıq”.
Bu sözləri MOİK (Mərkəzi Ordu İdman Klubu) futbol klubunun baş məşqçisi İlham Yadullayev deyib.
47 yaşlı mütəxəssis komandasının növbəti mövsümə hazırlığından danışıb.
“Heyətdə kifayət qədər köklü dəyişikliklər olub. Bir neçə futbolçu ilə yollarımızı ayırmışıq, onların əvəzində isə komandaya yeni oyunçuları cəlb etmişik. Hazırda heyət demək olar ki, tam formalaşıb. Yalnız 2-3 legionerin komandaya qoşulmasını gözləyirik. Onlar da düşərgəyə gəldikdən sonra transfer çalışmalarını yekunlaşdıracağıq və diqqətimizi tam şəkildə çempionata hazırlığa yönəldəcəyik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Yadullayev yeni mövsümdə MOİK-in qarşısına qoyulan hədəf barədə də fikirlərini bölüşüb:
“Yeni mövsümdə qarşımıza qoyduğumuz məqsəd dəyişmir. Hədəfimiz hər zaman olduğu kimi, yüksək yerlər uğrunda mübarizə aparmaqdır. İnanıram ki, düzgün hazırlıq sayəsində məqsədlərimizə çatmaq üçün yaxşı şansımız olacaq”.
