“Ümumilikdə oyunun bu qədər ağır keçəcəyini bilirdim”.
Bunu “Qarabağ” futbol klubunun və “CSKA Sofia”nın sabiq futbolçusu Artim Şakiri sportal.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “CSKA Sofia” ilk matçda Bakıda “Qarabağ”la heç-heçə etdi. Komandaların bu matçdakı performansını necə dəyərləndirərdiniz?
- Matçdan əvvəl də demişdim ki, “CSKA Sofia” böyük və güclü komandadır. Onlar artıq çox yaxşıya oynayırlar və bu komandaya qarşı qarşı çox çətin olacağını bilirdim. Düzü, Böyük Britaniyada olduğum üçün oyunu ilk dəqiqədən izləyə bilmədim. Lakin matçın təkrarına baxdım, hesabdan da məlumatlı idim. Ümumilikdə oyunun bu qədər ağır keçəcəyini bilirdim.
- İndi hansı komanda daha şanslıdır? Sofiyadakı oyunun formatı və ssenarisi necə olacaq?
- Hansısa proqnoz vermək çətindir.
- “Qarabağ” haqda fikriniz necədir?
- Mənim fikrim budur ki, “Qarabağ” Avropada böyük klublara qarşı oynaya və yaxşı nəticələr əldə edə biləcəyini göstərdi. Amma bir oyunla “Qarabağ”ın güclü və ya zəif olduğunu deyə bilmərik. Bu oyunlarda vacib olan yaxşı oynamaq yox, qazanmaqdır.
- “CSKA Sofia”nın pley-off mərhələsinə vəsiqə qazanması sizin üçün sürpriz olacaq?
- Xeyr, “CSKA Sofia” “Qarabağ”ı məğlub edərək pley-off mərhələsinə vəsiqə qazansa, mənim üçün təəccüblü olmayacaq. Çünki “CSKA Sofia” böyük klubdur. Onlar avrokuboklarda da əvvəllər uğurlu çıxış ediblər.
- Həm “CSKA Sofia”, həm də “Qarabağ”da oynamısınız. Hansı komandanın pley-off mərhələsinə vəsiqə qazanmasını istəyirsiniz? Hansı komandaya azarkeşlik edəcəksiniz?
- Bu suala cavab verə bilməyəcəm. Çünki hər iki komandanın növbəti mərhələyə vəsiqə qazanmasını istəyirəm. Amma bu da mümkün deyil, çünki növbəti mərhələyə bir komanda yüksəlməlidir. Həqiqətən də buna cavab verə bilməyəcəm. Onlar həm mənim keçmiş klubumdur, hər ikisində çox gözəl vaxtlarım olub. “CSKA Sofia”nın heyətində Bolqarıstan çempionu olmuşam, “Qarabağ”da olduğum dönəmdə isə ölkə kubokunu qazanmışam.
