Tural Bayramlı: “Komandalara başağrısı olacağıq”

Xəbərlər
29 Sentyabr 2023 13:32
198
Tural Bayramlı: “Komandalara başağrısı olacağıq”

“Səbail”lə matçda biz yaxşı oynadıq. Çoxsaylı qol epizodlarını yaradan komandamız olsa da, 3 xalı rəqib qazandı”.

İdman.biz saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlı deyib.

Oktyabrın 1-də Azərbaycan Premyer Liqasının VIII turunda “Zirə” ilə qarşılaşacaq Naxçıvan təmsilçisi oyuna iddialı çıxmağı planlaşdırır. 25 yaşlı yarımmüdafiəçi klubun mətbuat xidmətinə bildirib ki, Rəşad Sadıqovun komandasından xal almağı hədəfləyiblər: “Əlbəttə, futbolun bu tərəfi də var: sən vurmasan, sənə vuracaqlar. “Səbail”lə nəticə bizə pis təsir etdi, ancaq həmin görüşü unudub, “Zirə” ilə matça konsentrasiya olmuşuq. Məşqlərimizi gündə bir dəfə olmaqla davam etdiririk. Uşaqlar həvəslə hazırlaşır, əhval-ruhiyyə də yaxşıdır. Oyunumuzu bu şəkildə davam etdirsək, həm xal ehtiyatımızı artıracağıq, həm də komandalara başağrısı olacağıq”.

Yarımmüdafiəçi rəqiblə bağlı isə qısa danışıb: “Zirə” çempionatın iddialı komandalarındandır. Baş məşqçi Rəşad Sadıqov yaxşı işlər görüb”.

Bayramlı rəqibin turnir cədvəlinə başçılıq etməsinin onlar üçün narahatlıq yaratmadığını da deyib: “Biz meydana çıxanda rəqibin hansı pillədə qərarlaşmasına deyil, öz oyunumuza, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə diqqət edirik. Təbii ki, zirvədə qərarlaşıblarsa, deməli, güclüdürlər. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Buna nə dərəcədə nail olacağımız oyun zamanı yaradacağımız qol epizodlarını realizə etməyimizdən asılıdır. Azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər”.

Qeyd edək ki, oktyabrın 1-də baş tutacaq “Araz-Naxçıvan” – “Zirə” oyunu saat 18:30-da başlayacaq.

İdman.biz