Aslan Kərimov: “Qarabağ”ın “Molde”yə qalib gəlmək şansı daha çoxdur”

Müsahibə
20 Sentyabr 2023 17:31
126
Aslan Kərimov: “Qarabağ”ın “Molde”yə qalib gəlmək şansı daha çoxdur”

“Qarabağ” “Molde” matçında yaxşı mübarizə izləyəcəyik. Ağdam klubunun bu oyunda qalib gəlmək şansı daha çoxdur. Təmsilçimiz skandinaviyalılara qarşı oyunlarda çox yaxşı futbol nümayiş etdirirlər”.

Bunu İdman.biz saytına Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimov deyib.

Mütəxəssis Qurban Qurbanovun komandasının oyununu şərh edib. O bildirib ki, “Qarabağ” Premyer Liqada hələlik əsas heyətlə oynamır və hər şey qış fasiləsindən sonra yoluna düşəcək: “Komanda avroliqada oynadığı heyətlə daxili çempionata mübarizə aparmırdı. Bu səbəbdən də o qədər də yaxşı görünmürdülər. “Sabah”la oyunda əslində tempin də bir qədər aşağı olması azarkeşləri düşündürməyə vadar edir. Mənə elə gəlir ki, bu müvəqqətidir. Tam heyətlə oyuna çıxsa, “Qarabağ” fiziki olaraq bu oyunun öhdəsindən gələ biləcək. İndiyə qədər onların fiziki baxımdan heç vaxt problemi olmayıb. Yalnız futbolçuların keyfiyyəti ilə bağlı bəzi matçlarda yaxşı görünməmişik. Əvvəllər “Qarabağ”ın 2 heyəti olurdu və hər 2-si də çempion olmağa namizəd idi. İndi isə 2-ci heyət bir balaca zəifləyib. Həm təcrübəli legioner, həm də yerli oyunçular gediblər. Yerlərinə gələnlər isə perspektivli olsalar da, gəncdirlər. Onların da səhv etmələri normal haldır. Bu səbəbdən də daxili çempionatda gedişat yaxşı görünməyə bilər. Bu, qış fasiləsindən sonra düzələcək”.

Kərimov “Qarabağ”ın Avropa Liqasının qrupunda “Molde” ilə oyunda üstün tərəflərini də açıqlayıb. O qeyd edib ki, komandanın fiziki, texniki və taktiki cəhətdən rəqibdən geri qalacağını düşünmür: “Bu oyunda bizim şanslarımız çoxdur. “Qarabağ”ın hücum xətti həqiqətən də çox yaxşıdır. Bir tərəfdə Zubir, digər tərəfdə Andrade. Eyni zamanda, artıq standart vəziyyətlərdən də qollar vururuq. Medina, Juninyo, Bəhlul başla fərqlənməyi bacarır. Bu oyunda da bu standart vəziyyətlər bizim üçün qol imkanları yaradacaq”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:45-də başlayacaq.

Emin Ağa

İdman.biz