Rəşad Sadıqov: “Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaqdır”

Xəbərlər
12 Aprel 2024 22:09
129
Rəşad Sadıqov: “Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaqdır”

“Olduqca gərgin və stressli oyun idi. Hər iki komanda məğlub olmaq istəmirdi”.

İdman.biz xəbər verir ki, bu barədə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXX turunda “Sumqayıt”la oyunu şərh edib: “Burada qazanılan qələbə və ya məğlubiyyət kimi qabağa çəkə bilər ya da geri sala bilər. "Sumqayıt" çox yaxşı formadadır. Futbolçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Hər iki komanda son saniyələrə qədər qələbə qazanmaq istəyirdi. Oyunun ədalətli nəticəsi bərabərlik idi. Meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın keyfiyyətini artıracaq. Buna əminəm. Qarşıda biri-birindən maraqlı oyunlar gəlir. Hər biri çox önəmlidir. Getdikcə gərginlik artır. Futbolçularda da, azarkeşlərdə də hiss olunur. Əlimizdən gələni edəcəyik sonda sevinən tərəf biz olaq”.

“Zirə”nin baş məşqçisi qazanılan 1 xaldan razı qalıb: "Sumqayıt" əsas rəqiblərimizdən biridir. Bu heç-heçə şəxsi oyunlarda da bizə üstünlük verdi. Aramızdakı 2 xallıq fərqi qoruya bildik. Ən azı 1 heç-heçə limitimiz var. 2 xal itirdiyimizi desəm, ədalətsizlik olar. Düşünürəm ki, bu gün səfərdə 1 xal qazandıq. Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaqdır. Əgər medallar uğrunda mübarizə aparmaq imkanı varsa, niyə də olmasın?! Hər komanda bunu istəyir. Bizim də şansımız var. Sona qədər mübarizə aparacağıq”.

Rəşad Sadıqov “Neftçi”nin baş məşqçisi vəzifəsinə namizəd göstərilməsinə münasibət bildirib: “Ağ və qara mənim sevimli rənglərimdəndir. Bunu hamı bilir. Geyimlərimdə də bu rənglərə üstünlük verirəm. Hər məşqçi istəyər ki, "Neftçi"də, "Qarabağ"da, milli komandada çalışsın. Əminəm ki, bütün gənc məşqçilərin belə hədəfi var. Karyeramın yarısı "Neftçi"də keçib. Böyük futbolda ilk addımlarımı orada atmışam. Daha sonra karyeramın vacib hissəsini "Qarabağ"da keçirmişəm. 17 il isə millidə oynamışam. Bu üç komandanın hər biri mənim üçün dəyərlidir. İnanıram ki, hər iki klubun azarkeşləri məni anlayışla qarşılayar. Sabah "Qarabağ"da da, "Neftçi"də də məşqçi ola bilərəm. Bəlkə heç birində məşqçi olmayacam. Ümumən istəyim ölkə xaricində məşqçilik etməkdir. Sabah nə baş verəcəyini bilmirəm. Mənə heç bir təklif olmayıb. Bütün fikrimi "Zirə"yə yönəltmişəm. Çempionat gərgin keçir. "Neftçi" rəhbərliyi də belə periodda heç bir məşqçiyə təklif göndərməz. Bu, şaiyədir. Aramızda heç bir söhbət yoxdur”.

Qeyd edək ki, “Sumqayıt” – “Zirə” matçı 0:0 hesabı ilə başa çatıb.

İdman.biz