Ayxan Abbasov: “Hücumların sonluğu çatmadı”

Xəbərlər
30 Mart 2024 19:38
231
Ayxan Abbasov: “Hücumların sonluğu çatmadı”

“Qələbə qazana bilsəydik bir pillə irəliləyəcəkdik. Məğlub olsaydıq, rəqibin böyük üstünlüyü olacaqdı”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXVIII turunda “Səbail”lə (1:1) heç-heçə oynayan “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis komandasının oyunundan razı qalıb: “Oyun baxımından futbolçularımdan razı qaldım. Gözləmədiyimiz halda müdafiədə səhv etdik. Rəqib bundan istifadə etdi. Bundan sonra hücumda olduq. Bir neçə epizodda rəqibin qapıçısı yaxşı oynadı. İkinci qolu vurmaq üçün hücumların sonluğu çatmadı. Bundan sonrakı oyunlar da çətin keçəcək. Şansımız var. Futbolçular inamlıdırlar. Qalib gəlmək üçün bu yetərli olmadı. Bir az da artırmalıyıq. Bu gün zədəli oyunçularımız var idi. Ən çox da orta xətdə çıxış edən futbolçular zədəlidir. Ayxan da, Denis də, Paçu da zədədən qayıdıb. Təəssüf ki, Ayxan yenə eyni ayağı burxuldu. Hətta əvəzləmək istəyirdim. Dedi ki, oynamaq istəyirəm. Zədələr komandaya təsir edir”.

Abbasov “Qarabağ” mövsümün bitməsinə 8 tur çempionluğu təmin etməsinə münasibət bildirib: “Çempionat maraqlıdır. Məncə, təhlili düz aparmırıq. Bu gün "Qarabağ" tam başqa səviyyədədir. İtaliyada turnir cədvəli necədir? "İnter" 14 xal öndədir. Bu, o demək deyil ki, digər komandalar zəifdir. "Qarabağ" Avropada Portuqaliya, Almaniya klubları ilə başa-baş oynayır. Neyləyək? Oynamayaq? "Qarabağ"ın səviyyəsinə çatmaq üçün klublar çalışmalıdır. Bu il digər klublar bir-biriləri ilə oyunlarda çox xallar itirdi. "Neftçi" ilə "Sabah"ın geri qalması "Qarabağ"ın çempionluğunu 4-5 tur tezləşdirdi”.

Qeyd edək ki, hesabında 36 xal olan “Turan Tovuz” 7-ci pillədə qərarlaşıb.

İdman.biz