Kaxaber Tsxadadze: “Yaxşı oyuna görə də 3 xal vermirlər”

Xəbərlər
29 Mart 2024 19:37
138
Kaxaber Tsxadadze: “Yaxşı oyuna görə də 3 xal vermirlər”

"Çoxlu qol epizodlarımız oldu, dəyərləndirə bilmədik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXVIII turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzan “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcüstanlı mütəxəssis 90 dəqiqə ərzində üstün tərəf olduqlarını bildirib: “Danışmağa çox sözüm yoxdur. Üstünlük bizim tərəfdə idi. Yaxşı oyuna görə də 3 xal vermirlər. Belə oyundan sonra toparlanmaq çox çətindir. Futbolçulara, onların çəkdiyi əziyyətə heyfim gəlir. Bu cür oyunla qələbə qazana bilmədik. "Kəpəz" demək olar ki, yarım epizoddan qol vurur. Biz isə 100 faizlik fürsətləri dəyərləndirə bilmirik. Tetenin vura bilmədiyi epizod var idi. Klesio Baukun da həmçinin. Bunları dəyərləndirə bilsəydik, başqa cür olardı. Deyiləcək çox söz yoxdur. Keyfiyyət çatmır”.

Tsxadadze “Qəbələ” 1-ci Liqaya düşəcəyi təqdirdə komandada qalacağı ilə bağlı xəbərlərə açıqlama verib: “Bu barədə danışmaq istəmirəm. Bəli, klubla müqaviləmiz var. Bura gələndə bilirdik ki, çətin olacaq. Hara getmişəmsə, ad qoymağa çalışmışam. Azərbaycanda 6 il işləmişəm. Həmişə adımızın yaxşı hallanmasını istəyirik”.

“Qəbələ”nin baş məşqçisi kubokla bağlı danışıb. Gürcü mütəxəssis kuboka iddialı olduqlarını deyib: “Çempionat və kubok tam fərqli turnirlərdi. Oyunçuları növbəti matça yaxşı hazırlamalıyam. Bu gün çox yoruldular. "Qəbələ" kubok komandası sayılır. Dəfələrlə buradan avrokuboklara vəsiqə qazanıb. Ümid edirəm ki, baxımlı oyun sərgiləyəcəyik. Əlavə olaraq qeyd edim ki, bu gün hakimlər yaxşı idilər”.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunun taleyini Kilan Lebonun vurduğu qol həll edib.

İdman.biz