Kaxaber Tsxadadze: “5 metr məsafədən qol vura bilmirik”

Xəbərlər
16 Mart 2024 21:58
194
Kaxaber Tsxadadze: “5 metr məsafədən qol vura bilmirik”

“Oyuna çox pis başladıq. Pressinqdən çıxa bilmirdik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXVII turunda “Araz-Naxçıvan”la heç-heçə (1:1) oynayan “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis rəqibin azlıqda qalmasından sonra çoxlu qol vəziyyətləri yaratdıqlarını bildirib: “Fasilədən sonra daha yaxşı pressinq edə bildik. Həmin ərəfədə rəqib azlıqda qaldı. Biz müdafiəçini hücumçu ilə əvəzlədik. Qol imkanlarımız çox oldu. Sadəcə olaraq futbolçular bunu reallaşdıra bilmədi. Bu da onların ustalıq səviyyəsi ilə bağlıdır. Çox işləmişik. Rəqib standart vəziyyətdən qol vurdu. Bunun üzərində çox çalışırıq. Amma yenə də belə vəziyyət yaranır”.

Kaxaber Tsxadadze futbolçuların hazırlıq səviyyəsindən danışıb. O, 5 metrdən topu qapıya vura bilmədiklərini qeyd edib: “Ötən turda "Səbail"in standart vəziyyətləri oldu və bunu dəyərləndirdi. Amma biz 5 metr məsafədən qol vura bilmirik. Bu, faktdır, tənqid deyil. Ona görə deyirəm ki, bunu düzəltmək olar. Şota Arveladze məşq bitəndən sonra 40 dəqiqə qapıya zərbələrin üzərində işləyirdi. Nəticədə də "Ayaks"da bir mövsümdə 37 qol vurdu. Deməkdə məqsədim odur ki, bizim futbolçular da məşqdən sonra işləsinlər. Fərdi olaraq məşq edəndə ustalıq səviyyəsi düzəlir. Onları istədiyim üçün deyirəm. Hər oyunçuma böyük hörmətim var. Bu sözləri onlara mən deməsəm, bəs kim desin?”

Qeyd edək ki, “Qəbələ” Kaxaber Tsxadadzenin rəhbərliyi altında ilk xalını qazanıb. Komandanın hesabında 16 xal var.

İdman.biz

Məqalədə: