“Qarabağ”ın rəqibi Qrimaldo hədəflərdən danışıb

Xəbərlər
5 Mart 2024 22:57
181
“Qarabağ”ın rəqibi Qrimaldo hədəflərdən danışıb

Avropa Liqasının 1/8 finalında “Qarabağ”ın qonağı olacaq “Bayer”in müdafiəçisi Alexandro Qrimaldo hədəflərindən danışıb.

İdman.biz xəbər verir ki, o, Leverkuzen klubuna mükafatlar qazanmaq üçün gəldiyini deyib.

Yayda “”Benfika”dan transfer olunan Qrimaldo komandada hər şeyin gözlədiyindən daha yaxşı olduğunu bildirib: “Bayer”ə mükafatlar qazanmaq üçün gəlmişəm. Komanda mən gözlədiyimdən daha yaxşı oldu. Hətta bunu mövsümöncəsi hazırlıqlar zamanı hiss etdim. Bundan sonra azarkeşlər və mətbuatı “Bayer” haqqında çox danışmağa məcbur edəcəyimizi düşündüm”.

Leverkuzenlilər Almaniya Bundesliqası və Avropa Liqasında qələbəyə əsas namizəd hesab olunurlar. “Bayer” bu mövsüm heç bir turnirdə məğlubiyyət acısı yaşamayıb. Qrimaldo meydana çıxdığı 33 oyunda 11 qol vurub və 11 ötürmə edib.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda baş tutacaq.

İdman.biz