“Braqa”nın sabiq futbolçusundan etiraf: “Qarabağ”la oyun çətin olacaq” - EKSKLÜZİV

Müsahibə
13 Fevral 2024 17:23
332
“Braqa”nın sabiq futbolçusundan etiraf: “Qarabağ”la oyun çətin olacaq” - EKSKLÜZİV

“Braqa”da çoxlu təcrübəli və istedadlı oyunçular var. Çox yaxşı komandadır”.

Bunu İdman.bizə “Braqa”nın sabiq futbolçusu Nunu Sekera deyib.

6 mövsüm “Braqa”da oynayan sol cinah müdafiəçisi portuqaliyalıların güclü tərəflərini açıqlayıb. Hazırda Türkiyə Superliqasında “Pendikspor”un şərəfini qoruyan 33 yaşlı futbolçu bildirib ki, “Braqa” “Qarabağ”a qarşı matçlara çox ciddi hazırlaşıb: “Onların hücumçuları cəld və operativdir. İrəlidə çox güclüdürlər. Azərbaycanın çempionu haqqında elə də məlumatlı deyiləm. Yalnız Avropada təcrübəli, müəyyən tarixə və çox yaxşı futbolçulara sahib olduqlarını bilirəm. Düşünürəm ki, sabiq komandam bu qarşılaşmalara xüsusi yanaşır, amma şübhəsiz ki, “Braqa” üçün çətin olacaq”.

Portuqaliyalı futbolçu “Azərbaycandan təklif alsan qəbul edərsənmi?” sualından isə yayınıb: “Hazırda "Pendikspor"un oyunçusuyam və bütün diqqətimi yalnız klubumuza yönəltmişəm. Qısaca desəm, mövsümün ortasındayıq və transfer haqda danışmaq üçün yaxşı vaxt deyil”.

Qeyd edək ki, Nunu Sekera “Braqa”nın heyətində 184 matça çıxıb və 2 qolla yadda qalıb. Avropa Liqasının pley-offda "Braqa" - "Qarabağ" matçı fevralın 15-də olacaq.

Emin Ağa
İdman.biz