Qurban Qurbanov: “İdeal formada deyilik”

Xəbərlər
11 Fevral 2024 22:37
251
Qurban Qurbanov: “İdeal formada deyilik”

"Azarkeşlər üçün çox baxımlı oyun idi. Qarşımızda fərqli "Sabah" var idi. Oyun sistemində dəyişiklik etmişdilər”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXII turunda “Sabah”la (3:3) heç-heçə oynayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis buraxılan rəqibin qollara münasibət bildirib: “Baxımlı qollar vuruldu. Hətta rəqibin üçüncü qolunu özüm alqışladım. Baxımlı qol oldu. Lunyovun buraxdığı qollara fikir bildirməyəcəm. Buna daha çox qapıçılar üzrə məşqçi baxacaq. Bəlkə düzgün mövqedə deyildi. Amma Lunyov təcrübəli qapıçıdır. Bəzən görürsən ki, belə qollar olmayanda, düşünmə qabiliyyəti azalır. Belə qollar olanda, qarşıdakı epizodlara daha ciddi hazırlaşırsan. Çatışmazlıqlar var. İdeal formada deyilik. Əgər bu qədər qol buraxırıqsa, demək ki, çatışmazlıqlar var. Rəqibin yaxşı düşünülmüş hücumları var idi. Komanda diqqətli oynayırdı. Burada tək müdafiə xəttini günahlandırmaq istəmirəm. Komanda şəklində bəzi çatışmazlıqlar oldu. Hücumda oynayırsansa, istər-istəməz boşluqlar buraxmaq normaldır. Bizim qapımıza bu qədər penalti təyin edilməsini xatırlamıram. Uduzsaq da, daha çox topa sahib olmaq istədik. Yaxşı qol epizodları var idi. Buraxılan qollardan hamılıqla fayda çıxaracağıq”.

“Qarabağ”ın baş məşqçisi 3 qol buraxılmasına baxmayaraq, müdafiə xəttindən razıdır. Qurbanov “Braqa” ilə oyuna motivasiya olunmaqda çətinlik çəkməyəcəklərini bildirib: Bəhlul və Bədavidən razıyam. Kevin Medina sağlam olsaydı, daha yaxşı idi. Mərkəz müdafiə xətti elədir ki, orada yanılmalı deyilik. Daha diqqətli və dəqiq iş aparılmalıdır. Avropa kubokları oyunları tam fərqlidir. Futbolçuları motivasiya etmək asandır. Bir həftə içərisində eyni rəqibə qarşı üç oynamaq yorucu olur. Amma inanmıram ki, bunun "Braqa" ilə oyuna təsiri olsun. Hazırlıq planımız var idi.

Qeyd edək ki, “Qarabağ”ın 10 oyunluq qələbə seriyasına “Sabah” son qoyub.

İdman.biz