“Bu Qələbəyə görə ilk növbədə şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq. Onlar olmasaydı, bu Zəfəri qazana bilməzdik. Hər il bu günlərdə insan öz ölkəsi, Vətəni və xalqı ilə qürur duyur. Çünki bu Qələbəni təkcə ordumuz deyil, bütün Azərbaycan qazandı”.
Bu sözləri 44 günlük Vətən müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərə könüllü qatılan, “Qəbələ” futbol komandasında çıxış edən və hazırda məşqçi işləyən Asif Məmmədov deyib.
O bildirib ki, həmin dövrdə uşağından yaşlısına qədər hər kəsin ürəyi Vətənlə döyünürdü.
“Hər kəs əlindən gələn köməyi etməyə çalışırdı. Kimisi məktub yazır, kimisi yardım göndərirdi. Hamı televizor qarşısında, əlində telefon yeni xəbərləri, torpaqlarımızın azad olunmasını gözləyirdi. Bundan gözəl nə ola bilər? Şükürlər olsun ki, qələbə qazandıq. Bu gün başımız dik, alnımız açıqdır. Əvvəllər müharibədən danışanda bəzən çəkinirdiksə, indi qürurla deyirik ki, torpaqlarımız uğrunda canımızdan, qanımızdan keçdik və qalib gəldik” - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
A.Məmmədov müharibə zamanı Ağdam istiqamətində əsasən müdafiə mövqeyində olduğunu vurğulayıb:
“Orada səfərbərliklə gələn, hərbi təcrübəsi az olan gənclər çox idi. Onların arasında müəyyən həyəcan hiss olunurdu. Döyüş yoldaşlarım mənim futbolçu olduğumu, digər idmançıların da əsgərlərin yanında olmaq, onlara dəstək vermək üçün gəldiklərini deyirdilər. Bu da gənclərə mənəvi dəstək olur, onları ruhlandırırdı.
Ağdam noyabrın 20-də azad edildikdən sonra kəndimizə gedən ilk insanlardan biri olmuşam. Həmin vaxt Ağdamda bizimlə birlikdə olan könüllülər və döyüş yoldaşlarımızla bir araya gəldik. Birlikdə Ağdama, kəndimizə getdik, əraziləri gəzdik. Sonralar da çox səfərlərimiz oldu. Amma mənim üçün ən yaddaqalan və qürurverici səfər məhz ilk gedişimiz idi”.
Futbolçu Qəbələni həmişə ikinci vətəni hesab etdiyini və oranı çox sevdiyini vurğulayıb:
“Bununla yanaşı, doğma kəndimdə də futbolun inkişafına töhfə vermək istəyirəm. Gələcəkdə şərait yaranarsa və uşaqların marağını görsəm, kəndimizdə futbol klubu yaratmaq niyyətindəyəm. Abdal-Gülablı kəndləri böyük yaşayış məntəqələridir. Oradan da çoxlu istedadlı uşaqlar yetişə bilər. Eşitdiyimə görə, kəndimiz əvvəllər də futbola marağın böyük olduğu yerlərdən biri olub. Evimizin qarşısında stadion var idi və həmin vaxtın gəncləri hər axşam orada futbol oynayırdılar. İmkan və şərait olsa, mütləq kəndimizin adını daşıyan futbol klubu yaradarıq.
Ümumiyyətlə, uşaqlara futbolu və digər idman növlərini sevdirmək lazımdır. Futbol uşaqların ən çox sevdiyi idman növlərindən biridir. Düşünürəm ki, kəndlərdə idmanın inkişafına xüsusi diqqət yetirilməlidir”.
