“Kəpəz”in futbolçusu: “Yüksək yerlər uğrunda mübarizə aparmaq gücündəyik” - MÜSAHİBƏ

6 Noyabr 2026 14:53
29
“Kəpəz”in futbolçusu: “Yüksək yerlər uğrunda mübarizə aparmaq gücündəyik” - MÜSAHİBƏ

“Bunu zaman göstərəcək. Bir dəfə Nigeriya millisinin əsas komandasına dəvət almışdım, lakin meydana çıxmaq imkanım olmadı”.

Bunu bu mövsüm Azərbaycan Premyer Liqasında uğurlu nəticələr əldə edən “Kəpəz”in futbolçusu Benito AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Kəpəz” Azərbaycan Premyer Liqasında son altı oyunda məğlub olmayıb. Bu nəticəni necə qiymətləndirirsiniz?

– Bu uğura görə çox xoşbəxtəm. Amma hələ qarşıda uzun yol var. Hazırkı nəticələrə komanda işi, qətiyyətimiz və azarkeşlərimizin dəstəyi sayəsində nail olmuşuq.

– Komanda xüsusilə ev oyunlarında yaxşı nəticələr əldə edir. Doğma meydanda oynamaq futbolçuların çıxışına fərqli təsir göstərir...

– Düşünürəm ki, bəli. Doğma meydanda oynamaq bizim üçün çox xoşdur. Çünki azarkeşlərimiz yanımızda olur və onların dəstəyi bizə ikiqat motivasiya verir. Buna görə onlara təşəkkür edir və böyük hörmət bəsləyirəm. Həmçinin yeni stadionumuz var və burada yaxşı futbol oynaya bilirik.

– Mövsüm başlamazdan əvvəl belə nəticələr əldə edəcəyinizi gözləyirdiniz?

– Şəxsən mən buna 100 faiz inanırdım. Hətta bəzi komanda yoldaşlarıma da demişdim ki, məğlub olmağa öyrəşməmişəm. Məğlubiyyətin qaçılmaz olduğu hallarda belə, meydanda əlimizdən gələni etdiyimizi, bütün gücümüzü və ürəyimizi ortaya qoyduğumuzu bilərək, ləyaqətlə uduzmaq daha yaxşıdır. Futbolçuların və məşqçi heyətinin səviyyəsini gördükdən sonra komandamızın yaxşı nəticələr qazanmaq və yüksək yerlər uğrunda mübarizə aparmaq üçün hər şeyə malik olduğunu düşündüm. Heyətimizdə istedadlı futbolçular, həmçinin çox yaxşı məşqçi və digər əməkdaşlar var. Mən hər zaman pozitiv düşünən insan olmuşam.

– Komandanın mövsümün qalan hissəsi üçün hədəfləri nədən ibarətdir? Avrokuboklara vəsiqə qazanmaq şansınızı necə qiymətləndirirsiniz?

– Hələlik tələsməyə ehtiyac yoxdur. Çempionatın başa çatmasına çox var. Biz meydanda öz işimizi görməli, hər oyuna ayrıca köklənməli, mübarizə aparmalı və xal qazanmaq üçün əlimizdən gələni etməliyik. Mövsümün sonunda komandanın hansı mövqedə olacağını görəcəyik. Amma avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik. Bunun üçün hələ çox işləməliyik. Heç kim bizə qələbəni hədiyyə etməyəcək. Buna görə də hər xal uğrunda mübarizə aparacağıq.

– Nigeriya millisinin əsas komandasında çıxış etməmisiniz. Sizcə, gələcəkdə yığmaya dəvət almaq şansınız varmı?

– Bunu zaman göstərəcək. Bir dəfə Nigeriya millisinin əsas komandasına dəvət almışdım, lakin meydana çıxmaq imkanım olmadı. Nigeriyada, Fil Dişi Sahilində və “Top-5” liqalarında çıxış edən çoxlu rəqib futbolçular var. Bundan başqa, mən Nigeriya çempionatında oynamamışam və ölkə futbolu, federasiya ilə birbaşa əlaqəm olmayıb. Buna görə də yenidən dəvət almaq çətin ola bilər. Amma heç nəyi əvvəlcədən demək olmaz. Hələlik diqqətimizi klubumuza yönəltmişik. Əgər milli komandadan dəvət gələrsə, ölkəmizi təmsil etmək vəzifəmizi şərəflə yerinə yetirəcəyik.

İdman.Biz
Məqalədə: