Aşağı yaş qrupları üzrə liqalarda keçirilən oyunlarda baş verən qayda pozuntularına görə səkkiz komandaya texniki məğlubiyyət verilib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Gənclər Liqasında noyabrın 1-də keçirilən “İmişli” - “Lion” oyununda qonaq komanda matçın 29-cu dəqiqəsində meydanı tərk etdiyi üçün onlara texniki məğlubiyyət verilib, hesab olduğu kimi saxlanılıb.
U-14 Liqasında oktyabrın 31-də keçirilməsi nəzərdə tutulan “Ağdam” - “Aran” (Beyləqan) matçına meydan sahibləri, “Füzuli” - “Zəfər” (Bərdə) görüşünə isə qonaqlar təyin olunmuş vaxtda gəlmədiklərinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.
Noyabrın 1-də keçirilməli olan “Qafqaz Arena” - “Zəfər” və “Şamaxı” - “Çinar” (Göyçay) qarşılaşmalarında isə “Zəfər” və “Çinar” komandaları oyuna çıxmaqdan imtina etdikləri üçün onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında oktyabrın 31-nə təyin olunan “Universal Football Academy” - “Məhəllə Uşaqları” (Sumqayıt) matçına təyin olunmuş vaxtda gəlməyən qonaqlar da eyni şəkildə cəzalandırılıblar.
U-10 Liqasında oktyabrın 31-də keçirilən “Kürdəmir” - “Çinar” (Göyçay) görüşünün 5-ci dəqiqəsində qonaqların heyətində sənədləri düzgün olmayan oyunçu aşkarlandığı və yetərsay olmadığı üçün matç yarımçıq dayandırılıb. Bu səbəbdən Göyçay təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni gündə nəzərdə tutulan “Şamaxı” - “Çərəkə” (Göyçay) matçına vaxtında gəlməyən “Çərəkə” komandası da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıb.
