“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının yeddinci turunda “Kəpəz”ə qarşı ev oyununda alınan 0:2 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis futbolçuların kobud fərdi səhvlərinin komandanın taktiki planlarını pozduğunu bildirib:
“Turnir cədvəlinin aşağı pillələrində olduğumuzu nəzərə alsaq, vəziyyətimizi yaxşılaşdırmaq çox vacib idi. Futbolçular meydana yaxşı əhvali-ruhiyyədə çıxmışdılar və müəyyən anlarda oyuna nəzarət etməyə çalışırdıq. Lakin kobud fərdi səhvlər nəticəsində qollar buraxdıq. İlk qoldan sonra tələsməyə başladıq. Bu da oyun intizamının pozulmasına səbəb oldu və planlaşdırdığımız futbolu nümayiş etdirməyə imkan vermədi”.
Maksimov rəqibi əvvəlcədən təhlil etdiklərini, lakin bunun məğlubiyyətdən yayınmaq üçün kifayət etmədiyini vurğulayıb:
“Kəpəz”in “Sumqayıt”la oyununu izləmiş və ətraflı təhlil etmişdik. Rəqibin hücuma meyilli sürətli futbolçularının olduğunu bilirdik, hər birinin oyununu öyrənmişdik. Ancaq kobud səhv bütün planlarımızı pozdu. Hesabda geri düşdükdən sonra tamamilə fərqli oynamaq məcburiyyətində qaldıq və tələsməyə başladıq. Təəssüf ki, rəqib imkanlarından istifadə etdi, biz isə qol vura bilmədik”.
Baş məşqçi komandasının məğlubiyyəti geridə qoyaraq çempionatın növbəti oyunlarına hazırlaşmalı olduğunu da bildirib.
