Litvanın sabiq futbolçusu Rimantas Turskis Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyinə həsr olunan “Neftçi” və “Spartak Vilnüs” veteranları arasındakı oyun barədə fikirlərini bildirib.
İdman.Biz xəbər verir ki, o, belə qarşılaşmaların dostluq münasibətlərini gücləndirdiyini vurğulayıb.
“Belə oyunlar yalnız dostluq üçündür, insanları bir araya gətirir”, - Turskis deyib.
Veteran futbolçu karyerası dövründə Azərbaycana səfərlərindən də danışıb və Bakı ilə bağlı xatirələrini bölüşüb:
“Burada yüksək liqada keçirdiyimiz oyunu xatırlayıram. Həmin görüşdə məğlub olmuşduq. Hava çox isti idi, yəqin ki, 40 dərəcədən də yüksək temperatur var idi. Qonaqpərvərliyiniz həmişə çox yaxşı olub, amma həmin vaxt bu, bizə kömək etmədi. Bizi dənizə apardılar, çox üzdük, ertəsi gün isə Bakıda uduzduq”.
Turskis həmin illərdə qarşılaşdığı azərbaycanlı futbolçuları da yaxşı xatırladığını bildirib:
“Xatirələrim çox xoşdur. Qarşılaşdığım futbolçuları yaxşı xatırlayıram. Maşallah, çox israrlı hücumçu idi, İsgəndər Cavadovu da xatırlayıram”.
Litvalı veteran Bakının illər ərzində xeyli dəyişdiyini də qeyd edib:
“Qonaqpərvərliyiniz məni yenə də təəccübləndirir. Şəhəriniz də çox dəyişib. Uzun illər əvvəl Bakıya gələndə hər şey tamam başqa cür idi. İndi burada hər şey çox gözəl və təmizdir”.
