Litva millisinin sabiq baş məşqçisi Algimantas Lyubinskas Azərbaycan və ölkəsində futbolun hazırkı səviyyəsini dəyərləndirib.
İdman.Biz xəbər verir ki, Litva futbolunun əfsanəsi fikirlərini Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyinə həsr olunan “Neftçi” və “Spartak Vilnüs” veteranları arasındakı oyun öncəsi bildirib.
“Bakıda ilk dəfə 1983-cü ildə “Jalgiris”lə olmuşam. Həmin vaxt komandanın məşqçisi idim. Hava əla idi, amma oyun bizim üçün o qədər də yaxşı alınmadı, çünki məğlub olduq. Daha sonra 1984-cü ildə yüksək liqada çıxış etdik. O dövrdə Azərbaycanda futbol yüksək səviyyədə idi. Təəssüf ki, indi vəziyyət belə deyil.
Hazırda həm Azərbaycan, həm də Litva sonuncu qrupda mübarizə aparır. Şəhəriniz çox yaxşı istiqamətdə dəyişib, amma futbol həm sizdə, həm də bizdə geriləyir. Dibə doğru gedirik. Buna görə sevinməyə əsas yoxdur. Yalnız belə yoldaşlıq görüşlərinə sevinmək olar”, - Lyubinskas deyib.
