Səbuhi Səfiyarlı: “Bu sanki batan gəmini xilas etmək kimi bir şeydir”

Müsahibə
27 Yanvar 2024 14:06
860
Səbuhi Səfiyarlı: “Bu sanki batan gəmini xilas etmək kimi bir şeydir”

“Bu təklif mənim üçün gözlənilməz oldu”.

Bunu İdman.bizə “Qəbələ”nin yeni idman direktoru Səbuhi Səfiyarlı deyib.

O, təklifin klubunun prezidenti Fariz Nəcəfov tərəfindən gəldiyini bildirib: “Bu klubda çalışmışam, “Qəbələ” mənim üçün yad deyil. Düşündüm ki, əgər bura gəlməyimin faydalı olacağını düşünüblərsə, bu təklifi rədd edə bilmərəm”.

Səfiyarlı əyalət komandasında hədəflərini də açıqlayıb. Onun sözlərinə görə, əsas məqsəd Premyer Liqada qalmaq olacaq: “Bu hədəfdən başqa digər məsələ barədə düşünmək doğru deyil. Təbii ki, komandanı son pillədən qurtarmaq çox çətin olacaq. Bu sanki batan gəmini xilas etmək kimi bir şeydir. Amma çalışacağıq ki, komandanı əsas hədəfə çatdırmaq üçün hamı bir nəfər kimi çalışsın. Məşqçilər heyəti, futbolçular və ümumilikdə klub olaraq problemləri müzakirə edərək, hər kəsin təcrübəsindən yararlanacağıq. İdman direktoru kimi daha çox təşkilati işlərlə məşğul olsam da, komandanın rəhbərliyi ilə əsas amalımız gücümüzü bir yerə qoymaqdır”.

Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlində 10-cu pillədə qərarlaşan “Qəbələ” növbəti oyununu yanvarın 28-də səfərdə “Neftçi”yə qarşı keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz