U-21 millisinin baş məşqçisi: “Aqressiv və cəsarətli oynamaq istəyirik” - MÜSAHİBƏ

21 Sentyabr 2026 14:27
36
U-21 millisinin baş məşqçisi: “Aqressiv və cəsarətli oynamaq istəyirik” - MÜSAHİBƏ

“Bizim əsas məqsədimiz inkişaf etməkdir. Rəqiblər üçün çətin komanda olmaq, aqressiv oynamaq, cəsarətli olmaq istəyirik”.

Bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rəşad Eyyubov AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sentyabrın 25-də Bakıda Çexiya, 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariqlə üz-üzə gələcək. Şansları necə dəyərləndirirsiniz? Sizcə, yığma hansı oyunlarda xal və ya xallar qazana bilər?

- Qarşıda bizi çox maraqlı 3 oyun gözləyir. Ümumilikdə mən Çexiyanı qrupumuzun ən güclü komandası hesab edirəm. Onların göstərdiyi komanda oyununun səviyyəsi həqiqətən çox yüksəkdir.

Eyni zamanda, Şotlandiya ilə səfər oyunumuz var. Britaniya futbolu yüksək temp, böyük intensivlik və çoxsaylı fərdi mübarizələrlə seçilir. Şotlandiya millisinin heyətində ölkənin və İngiltərənin ən yaxşı akademiyalarında yetişən futbolçular var. Bu, yaxşı hazırlıqlı və təşkilatlanmış komandadır. Bu oyun bizim üçün əsl sınaqdır və eyni zamanda öz səviyyəmizi güclü rəqibə qarşı qiymətləndirmək üçün yaxşı imkandır.

Bizi, həmçinin Cəbəllütariqlə oyun gözləyir. İnanın mənə, kağız üzərində bu rəqib asan görünə bilər, amma Portuqaliya istisna olmaqla, demək olar ki, bütün komandalar onlara qarşı çətinlik çəkib. Bu matçda qalib gəlmək üçün maksimum konsentrasiya və yüksək keyfiyyət göstərməliyik.

- Qrupda qarşıya qoyulan hədəf nədir?

- Bizim əsas məqsədimiz inkişaf etməkdir. Rəqiblər üçün çətin komanda olmaq, aqressiv oynamaq, cəsarətli olmaq istəyirik. Göstərmək istəyirik ki, gənclər artıq böyük futbolun tələblərinə hazırdırlar.

Əlbəttə, hər oyunda əsas məqsədlərimizdən biri də xal qazanmaqdır.

- Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən Nəriman Axundzadə əsas milliyə yox, U-21-ə dəvət aldı. Bunun səbəbi onun klubunda çox oynaya bilməməsi ilə bağlıdır?

- Əgər əsas milli komandanın baş məşqçisi belə qərar veribsə, əminəm ki, bunun konkret səbəbləri var. Mən şadam ki, Nəriman bizimlə olacaq. O, çox parlaq istedada malik, xüsusi keyfiyyətləri olan futbolçudur.

- Millinin legionerləri - Elyas Bağci, Mustafa Kamara və Lorenzo Mezzoteronun hazırkı performansı hansı səviyyədədir? Yəqin ki, onların öz klublarındakı oyunlarını izləmisiniz...

- Biz həmin futbolçuları daim izləyirik, klubları ilə mütəmadi əlaqə saxlayırıq və hazırda gördüklərimizdən razıyıq.

- Əvvəlki müsahibənizdə xaricdə yaşayan azərbaycanlı futbolçuları izlədiyinizi demişdiniz. Bu məsələdə irəliləyiş varmı? Hansı ölkələrdə yaşayan oyunçular diqqətinizdədir?

- Bəli, paralel olaraq bu istiqamətdə də iş aparılır. Gələcək perspektivi nəzərə alaraq futbolçuları izləyirik. Yaxın zamanda komandamıza kömək edə biləcək müəyyən futbolçular var.

- Belə çıxır ki, yaxın zamanda U-21 millisində xaricdə yaşayan yeni oyunçular görəcəyik?

- Mümkündür ki, görək. Bunun üçün bir çox amilin üst-üstə düşməsi lazımdır. Amma ümid edirəm ki, bəli, onları görəcəyik.

İdman.Biz