“Araz-Naxçıvan”ın baş məşqçisi: “Üst sıralara qalxmalıyıq”

23 Sentyabr 2026 17:02
88
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Üst sıralara qalxmalıyıq”

“İndiki məqamda ilk tapşırığımız turnir cədvəlinin sonuncu pilləsindən üst sıralara yüksəlməkdir. Komanda özünə inanmalıdır”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yeni baş məşqçisi təyin olunan Yuri Maksimov klubun rəsmi saytına verdiyi açıqlamada deyib.

Ukraynalı mütəxəssis Azərbaycan futbolu ilə tanışlığından və ölkə çempionatının səviyyəsindən söz açıb:

“Azərbaycanda ilk dəfə işləmirəm. Burada əvvəllər də işlədiyimə görə, mentaliteti bilirəm, futbolçuların bir qismini tanıyıram. Bakıda kifayət qədər dostlarım da var. Premyer Liqanın maraqlı keçdiyini deyə bilərəm. Təbii ki, bunun nəticəsidir ki, Azərbaycanın UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsilçisi var”.

Y.Maksimov komandanın mövcud vəziyyəti, qarşıdakı məşq prosesi və əsas hədəflər barədə də fikirlərini bölüşüb:

““Araz-Naxçıvan”a gəldikdə, “İmişli” ilə oyun istisna olmaqla qalan matçlarını izləmişəm. Komanda, heyətlə bağlı ümumi məlumatım var. Harada axsadığımızı, harada üstünlük qazana biləcəyimizi bilirəm. İşləmək lazımdır. Sabah kollektivlə ilk məşqimizə çıxacağıq. Bilirəm ki, 4 futbolçumuz milli komandaların düşərgəsinə yollandığına görə, bizə sonra qoşulacaqlar. Mümkün qədər üst sıralara qalxmalıyıq. İndi bizim üçün çox həssas məqamdır. Yenə deyirəm, asan olmayacaq. Çünki çempionat çox rəqabətli keçir, komandalar güclüdürlər və hər birinin müəyyən məqsədi var”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Yuri Maksimovla 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

İdman.Biz