UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün Litva millisinin heyətinə vaxtilə “Qarabağ”ın maraq göstərdiyi Piyus Şirvis də dəvət alıb.
İdman.Biz xəbər verir ki, 28 yaşlı müdafiəçi baş məşqçi Edqaras Yankauskasın müəyyənləşdirdiyi 26 futbolçudan ibarət siyahıda yer alıb.
Sağ cinah müdafiəçisi may ayında Sloveniyanın “Maribor” klubundan ayrılmağa hazırlaşarkən “Qarabağ”ın diqqət mərkəzində olub. Lakin tərəflər arasında razılıq əldə olunmayıb və futbolçunun keçidi baş tutmayıb.
Şirvis iyulda Sloveniyada qalıb və “Tselye” klubu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. O, bundan əvvəl iki il yarım “Maribor”un formasını geyinib. Müdafiəçi bu komandanın heyətində bütün turnirlərdə 81 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
Şirvis qarşıdakı günlərdə Azərbaycan millisinə qarşı iki oyunda meydana çıxa bilər. Litva sentyabrın 27-də yığmamızı qəbul edəcək. Komandalar oktyabrın 4-də Bakıda yenidən üz-üzə gələcəklər.
Bundan əvvəl, sentyabrın 24-də Litva səfərdə Lixtenşteynlə qarşılaşacaq. Sentyabrın 30-da isə Andorra ilə yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, Litva millisinin heyətinə Şirvisin “Tselye”dəki komanda yoldaşları Artyemyus Tutişkinas və Armandas Kuçis də dəvət olunublar.
Maraqlı məqam isə odur ki, Litvanın hazırkı heyətində daha əvvəl Bakıda Azərbaycan millisinə qarşı oynamış üç futbolçu yer alıb.
2019-cu il martın 25-də Bakıda keçirilmiş və 0:0 hesabı ilə başa çatan yoxlama matçında Vikinatas Slivka və Modestas Vorobyovas Litva millisinin start heyətində meydana çıxıb. Qapıçı Dyuqas Bartkus isə qarşılaşmanın ikinci hissəsində oyuna daxil olub.
