“Qəbələ” futbol komandasının yeni baş məşqçisi Yeton Bekirinin qarşısına qoyulan hədəflər açıqlanıb.
Bu barədə bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.
O, “qırmızı-qaralar”a çox mütəxəssisin təklif olunduğunu da söyləyib.
“Yerli məşqçi seçimi elə də çox deyil. Klub rəhbərliyinin qarşısına qoyduğu hədəfləri həyata keçirə biləcək mütəxəssis axtarırdıq. Belə məşqçi tapmasaydıq, yerli bazara yönələcəkdik. Təklif olunan baş məşqçilər həddən artıq çox idi. Klub rəhbərliyi öz meyarlarına uyğun seçim etdi. Yeton Bekirinin qarşısına hansı hədəf qoyulub? Heyətimiz pis deyil. Turnir cədvəlinin orta pillələrində qərarlaşa bilərik. Premyer Liqada qalmaq və yaxşı yerlərdən birini tutmaq istəyirik. Daha sonra nəzərdə tutduğumuz layihələri birlikdə həyata keçirmək niyyətindəyik”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Qəbələ” Şimali Makedoniyadan olan Yeton Bekiri ilə “1+2” illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.
