Samir Ələkbərov: “Nə qollarımı hesablamışam, nə futbol şəkilləri yığmışam” - MÜSAHİBƏ

17 Sentyabr 2026 14:55
92
Samir Ələkbərov: “Nə qollarımı hesablamışam, nə futbol şəkilləri yığmışam” - MÜSAHİBƏ

“Açığı, bilmirəm. Yəni mən nə qollarımı hesablamışam, nə futbol şəkilləri yığmışam, nə də ki mənim yadımdadır”.

Bunu “Neftçi”nin Azərbaycan çempionatları tarixindəki ən yaxşı bombardiri, hazırda Birinci Liqadakı “Baku Sportinq” komandasında baş məşqçi kimi çalışan Samir Ələkbərov sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Neftçi” tarixində Azərbaycan çempionatlarında 99 qolla klubun ən yaxşı bombardirisiniz. Bu statistika barədə məlumatınız var idi?

– Bəli, məlumatım var.

– Bəs niyə 100-cü qol olmadı?

– Özüm istəmədim. 99 xoşuma gələn rəqəmdir (gülür – red.). Əlbəttə, zarafat edirəm. Mən nə bilim 99 olub, ya 100?! Vurmuşuq, qurtarıb gedib də…

– Heç o vaxt qollarınızı hesablayırdınız?

– Xeyr. Mənim heç futbol şəkilim yoxdur. Qalmışdı ki, qollarımı hesablayım.

– “Neftçi”də çıxış etdiyiniz vaxt AFFA-nın mərhum prezidenti Fuad Musayevlə münaqişəniz oldu, futboldan kənarlaşdırıldınız. Qayıtdıqdan sonra yenidən “Neftçi”də çıxış etsəniz də əvvəlki kimi deyildiniz. Bu proseslərin sizin məhsuldarlığınıza təsiri oldumu?

– Açığı, bilmirəm. Yəni mən nə qollarımı hesablamışam, nə futbol şəkilləri yığmışam, nə də ki mənim yadımdadır. Statistikadır, hesablayıblar, sağ olsunlar. Qaldı bunlar tarixdə. Bir bunu bilirəm.

– SSRİ dövründə “100-lər klubu” var idi. Anatoli Banişevskinin də 100-cü qolunu vurması üçün “Neftçi”dəki futbolçuların ona kömək etdiyini bilirik. Siz həmin vaxt “Neftçi”də 100-cü qolu vurmağa yaxın olduğunuzu bilsəydiniz, o qolu vurmağa çalışardınız?

– Mən nə kimdənsə kömək istəmişəm, nə də ona çalışmışam. Vurduğum qollar olub, qurtarıb gedib. O SSRİ dönəmindən qalanlardır: “100-lər klubu”, “Fedotov klubu”… Onlar mənim üçün maraqlı olmayıb.

– İlk və son, eləcə də ən yaxşı qolunuzu xatırlayırsınız?

– İlk qolumu? Vallah, yox. Heç yadıma sala bilmirəm ki, nə zaman və hansı komandaya vurmuşam. Son qolum da yadımda deyil. SSRİ çempionatında da, “Neftçi”dən başqa digər komandalarda da qollar vurmuşam. Onların hamısı mənim üçün yaxşı idi. Lakin nə ən yaxşı qolumu, nə də ilk qolumu yadıma sala bilirəm.

– 99 qolda qalmağınızın səbəbi də budur. Bilsəydiniz ki, 100-cü qola yaxınsınız, onu vurardınız?

– Vurmazdım. 99 yaxşı rəqəmdir. 100-lər çoxdur, 99 isə az.

İdman.Biz