Yaşar Seyidov “Dinamo”nun çıxışını dəyərləndirdi

16 Sentyabr 2026 16:53
107
Yaşar Seyidov “Dinamo”nun çıxışını dəyərləndirdi

“İkinci Liqada bütün komandalar bir-birindən xal ala biləcək gücdədir. Düzü, startdan razı deyiləm”.

Bu sözləri İkinci Liqada mübarizə aparan Bakının “Dinamo” klubunun prezidenti Yaşar Seyidov komandanın çempionatdakı çıxışı və hədəfləri barədə danışarkən deyib.

Klub rəhbəri komandanın qarşılaşdığı zədə problemlərinə və stadionların vəziyyətinə diqqət çəkib.

“Üç əsas heyət oyunçusu birinci oyunda zədə aldı. Çempionat oyunları keçirilən meydançalar, Binə stadionunu çıxmaq şərtilə, heç biri standartlara uyğun deyil. Üç oyunda meydançanın keyfiyyətsizliyindən üç oyunçu itirmək çox təəssüf ediləsi haldır. Əsas hədəf bacardıqca turnir cədvəlinin yuxarı hissəsində yer tutmaqdır. Zəif və güclü tərəflərimizi bilirik, amma obyektiv səbəblərdən bunları həll edə bilmirik. Zamanla çalışacağıq ki, öz yetirmələrimizlə bu problemləri aradan qaldıraq. Çətindir, amma başqa yolumuz yoxdur”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Y.Seyidov komandanın heyət fəlsəfəsindən və yerli futbolçulara verdikləri üstünlükdən də söz açıb:

““Dinamo” bütün liqalar daxil yeganə komandadır ki, heyətində yalnız öz yetirmələri ilə oynayır. Bu, bizi çox sevindirir. Heç kimin tanımadığı bu gəncləri qısa zamanda Azərbaycan futboluna qazandıra bilsək, bu, bizim və futbolumuzun uğuru olacaq. Biz bəzi fəlsəfələrdən fərqli olaraq, çox sadə, hamının futbolu başa düşəcəyi yol ilə gedirik. Heyətində oynamağa azərbaycanlı futbolçu tapmayan komandalardan deyilik. Baxmayaraq ki, Azərbaycan çempionatı milli komandaları formalaşdırmaq və uğura aparmaq üçün keçirilir... Amma heyətdə azərbaycanlı futbolçu oynamayanda onların fəlsəfəsinin daha müasir olduğunu düşünürlər”.

Qeyd edək ki, “Dinamo” İkinci Liqada meydana çıxdığı üç matçda bir qələbə qazanmağı bacarıb.

İdman.Biz