“Qazaxda futbola maraq kifayət qədər yüksəkdir və hazırda müxtəlif yaş qruplarında 100-dən çox uşaq bu idman növü ilə məşğul olur”.
Bu sözləri Qazaxın “Göyəzən” futbol komandasının baş məşqçisi Süleyman Məmmədov İdman.Biz-ə müsahibəsində deyib.
Mütəxəssis bölgədə uşaq futbolunun inkişafından, komandanın maddi-texniki bazasından, sponsor çatışmazlığından, ev oyunlarını Tovuzda keçirmək məcburiyyətində qalmasından və “Sabah”la əməkdaşlıq da danışıb.
- Qazax rayonunda uşaqların futbola marağı hansı səviyyədədir?
- Bilirsiniz ki, qərb bölgəsi futbol bölgəsidir. Rayonumuzda futbola maraq çox böyükdür. Uşaqlarımız həvəslə məşqlərə gəlirlər. Hazırda 100-dən çox uşağımız futbolla məşğul olur. Hətta kəndlərimizdən də gələnlər var. Qızlardan ibarət komandamızın olması da futbola marağın yüksək olduğunu göstərir.
- Bu uşaqlar hansı yaş qruplarında yarışlarda iştirak edirlər?
- Doqquz yaşdan 14 yaşadək uşaqlarımız müxtəlif yarışlarda çıxış edirlər. Qızlardan ibarət komandamızda isə 12 yaşlı futbolçular yer alırlar. Onlar bu ildən yarışlarda iştirak edirlər.

- “Göyəzən”in maddi-texniki bazası hansı vəziyyətdədir?
- Biz oyunlarımızı Qazaxın mərkəzi stadionunda keçirirdik. Hazırda həmin stadion Həmkarlar İttifaqının balansında olduğu üçün müəyyən çətinliklərlə üzləşirik. Hətta Region Liqasında çıxış edən komandamız da orada ev oyunlarını keçirə bilmir. Mövsümün açılış oyununu keçirmək üçün Tovuza gəlməli olduq. AFFA ilə Həmkarlar İttifaqı arasında danışıqlar aparılır. Federasiya çalışır ki, ev oyunlarımızı yenidən Qazaxda keçirə bilək.
- Stadiondan istifadə ilə bağlı müqavilənin uzadılmamasının səbəbi nədir?
- 23 il ərzində “TuranBank” bizə sponsorluq edib. Həmin müddətdə stadionun icarə haqqını da onlar ödəyirdilər. Nə qədər vəsait ödənildiyindən xəbərimiz yoxdur. Artıq sponsorumuz olmadığı üçün icarə haqqını ödəyə bilmirik. Bizə bildirirlər ki, müqavilə bağlanmalı və icarə haqqı ödənilməlidir.
- Bəs icarə haqqının məbləği barədə sizə məlumat verilibmi?
- Xeyr, nə qədər pul ödənilməli olduğu barədə bizə heç bir məlumat verilməyib. Açığı, sponsorumuz olmadığı üçün özümüz də məbləği soruşmamışıq. Çünki hazırda həmin vəsaiti ödəmək imkanımız yoxdur.
- “Göyəzən”in yetirmələrinə ölkənin digər klublarından maraq göstərilirmi?
- Bəli, bizim “Sabah”la əməkdaşlıq müqaviləmiz var. Onlar uşaqlarımızı izləyirlər. Bəyəndikləri futbolçuları öz akademiyalarına dəvət edirlər.
- Hazırda “Sabah”ın sistemində “Göyəzən”in neçə yetirməsi var?
- İki futbolçumuz “Sabah”ın sistemində olub. Onlar hazırda “Sportinq”də çıxış edirlər.
- Ev oyunlarınızı Tovuzda keçirdiyinizi bildirdiniz. Bunun üçün hər hansı ödəniş edirsiniz?
- Xeyr, bizdən heç bir ödəniş tələb olunmur. Region Liqasında çıxış edən “Göyəzən” komandasına yaratdıqları şəraitə görə “Turan Tovuz”un rəhbərliyinə təşəkkür edirəm. Bizə kömək etdilər və oyunumuzu onların ehtiyat meydançasında keçirdik.
