“Araz-Naxçıvan”ın futbolçusu hərbi xidmətə çağırılıb: AFFA məsələ ilə bağlı nazirliyə müraciət edib - ÖZƏL AÇIQLAMA

9 Noyabr 2026 21:03
50
“Araz-Naxçıvan”ın futbolçusu hərbi xidmətə çağırılıb: AFFA məsələ ilə bağlı nazirliyə müraciət edib - ÖZƏL AÇIQLAMA

Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın futbolçusu Ceyhun Nuriyevin hərbi xidmətə çağırıldığı bildirilir.

25 yaşlı yarımmüdafiəçinin oktyabr çağırışı zamanı ordu sıralarına cəlb olunduğu və hazırda Gəncədə yerləşən N saylı hərbi hissədə xidmət etdiyi bildirilir.

Məlumatın doğruluğunu dəqiqləşdirmək məqsədilə İdman.Biz həm “Araz-Naxçıvan” klubu, həm də AFFA ilə əlaqə saxlayıb.

“Araz-Naxçıvan”ın mətbuat katibi Mahal Məmmədov İdman.Biz-ə açıqlamasında futbolçunun artıq 10 gündür hərbi xidmətdə olduğunu təsdiqləyib.

AFFA-nın mətbuat katibi Aida Əliyeva isə İdman.Biz-in sorğusuna cavab olaraq futbolçunun xidmətini MOİK-də (Mərkəzi Ordu İdman Klubu) davam etməsi ilə bağlı Gənclər və İdman Nazirliyinə müraciət etdiklərini bildirib.

Qeyd edək ki, Ceyhun Nuriyev futbolçu karyerasına “Keşlə”nin (indiki “Şamaxı”) aşağı yaş qruplarında başlayıb. 2020-ci ildə “Sabah”a keçən yarımmüdafiəçi burada əsas komanda və əvəzedici heyətdə çıxış edib. 2024-cü ilin yanvarında “Zirə”yə transfer olunan futbolçu 2026-cı ilin iyulunda “Araz-Naxçıvan”la müqavilə bağlayıb. Nuriyev Azərbaycanın U-17, U-19 və əsas milli komandalarının da formasını geyinib.

İdman.Biz