“Turan Tovuz”un vitse-prezidenti: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq” - İDMAN.BİZ TOVUZDAN

9 Noyabr 2026 20:04
49
“Turan Tovuz”un vitse-prezidenti: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq” - İDMAN.BİZ TOVUZDAN

“Turan Tovuz” futbol klubunun vitse-prezidenti Həsən Zeynalov komandadakı rəqabət, azərbaycanlı futbolçuların əsas heyətdə az yer alması və baş məşqçinin gələcəyi ilə bağlı sualları cavablandırıb.

İdman.Biz xəbər verir ki, klub rəsmisi komandada yerli futbolçuların sayının artırılmasını istədiklərini, lakin əsas heyətdə yer almağın rəqabətdən asılı olduğunu bildirib.

“Komandamızda yerli futbolçular var. Sadəcə, rəqabət mövcuddur. Tam səmimi deyirəm, Azərbaycan futbolunu sevən bir insan kimi çox istərdim ki, komandamızda daha çox azərbaycanlı futbolçu olsun. Amma futbol rəqabət oyunudur. Meydanda futbolçunun milliyyəti önəmli deyil”, - deyə Zeynalov söyləyib.

Vitse-prezident futbolçuların transferi istiqamətində də çalışmalar aparıldığını vurğulayıb:

“Bu il bunun üçün çox çalışdıq. Hətta bir neçə futbolçu ilə şəxsən özüm görüşdüm. Amma rəqabət apara biləcək futbolçuları komandaya gətirmək asan deyil”.

Zeynalov mövsümün sonunda qarşıya qoyulan məqsədlərə çatılmayacağı təqdirdə baş məşqçinin gələcəyinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala da cavab verib:

“Baş məşqçi ilə klub rəhbərliyi arasında müzakirələr aparılır. Mövsümün sonunda nəticələrə baxılacaq. Nəyin niyə baş verdiyini, hansı səbəblərdən müəyyən nəticələri əldə edə bilmədiyimizi araşdıracağıq. Burada yalnız baş məşqçinin taktiki qərarlarından söhbət getmir. Bizim özümüzdən asılı olan səbəblər də var. Bütün məqamlar diqqətlə təhlil edildikdən sonra müvafiq qərarlar verilə bilər”.

Klub rəsmisi media ilə münasibətlərə də toxunaraq klubun hər zaman jurnalistlərlə açıq ünsiyyətə üstünlük verdiyini bildirib. Bununla yanaşı, o, bəzi məlumatların dəqiqləşdirilmədən yayımlanmasından narazılığını ifadə edib:

“Biz həmişə mediaya yaxın olmuşuq. Şəxsən mən jurnalistlərlə ünsiyyəti sevirəm. Amma hesab edirəm ki, subyektiv fikirlər deyil, obyektiv məlumatlar ictimaiyyətə çatdırılmalıdır. Baş məşqçimiz haqqında yazılan bəzi fikirlər həqiqətə uyğun deyil”.

İdman.Biz