“Akademiyamızda 400-ə yaxın uşaq var” - “Turan Tovuz”un məşqçisinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ - FOTO/VİDEO

10 Noyabr 2026 14:29
38
“Akademiyamızda 400-ə yaxın uşaq var” - “Turan Tovuz”un məşqçisinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ - FOTO/VİDEO

“Müəyyən çətinliklər olur. Amma rəhbərliyimizin dəstəyi sayəsində akademiyamızda yaxşı şərait yaradılıb. Hətta başqa bölgələrdən gələn uşaqlarımız burada qalırlar”.

Bu sözləri “Turan Tovuz” futbol akademiyasının U-14 komandasının köməkçi məşqçisi Emin Sadıqov İdman.Biz-ə müsahibəsində deyib.

Mütəxəssis akademiyada müxtəlif yaş qruplarının fəaliyyəti, gənc futbolçuların milli komandalara cəlb olunması, valideynlərin futbola münasibəti və bölgələrdən gələn istedadlı uşaqların seçilməsi barədə fikirlərini bölüşüb.

- Hazırda “Turan Tovuz”un akademiyasında hansı yaş qrupları üzrə uşaqlar məşq edirlər?

- Akademiyamızda doqquz yaşdan 19 yaşadək müxtəlif yaş qrupları fəaliyyət göstərir.

- Ümumilikdə akademiyada nə qədər uşaq futbolla məşğul olur?

- Təxminən 350-400 uşağımız var. Bu say daim dəyişir. Akademiyaya yeni uşaqlar gəlir, müəyyən səbəblərdən ayrılanlar da olur.

- Akademiyanın aşağı yaş qruplarından milli komandalara dəvət alan futbolçular varmı?

- Bəli, var. U-15 millisinin seçimlərinə qatılan uşaqlarımız olub. U-17 və U-19 yaş qruplarında da futbolçularımız var. Onlar milli komandaların seçimlərində iştirak edirlər. Hazırda U-17 millisində uşaqlarımız var.

- Bölgədə valideynlərin uşaqlarını futbola yönəltməyə münasibəti necədir?

- Çox yaxşıdır. Valideynlərlə daim ünsiyyətdə oluruq. Onlara uşaqların gündəlik rejiminə, qidalanmasına və digər vacib məsələlərə diqqət yetirməyin əhəmiyyətini izah edirik. Futbolçu olmaq üçün yalnız məşq etmək kifayət deyil. Uşaqların düzgün rejimə əməl etməsi də vacibdir.

- Paytaxt akademiyaları ilə müqayisədə bölgədə fəaliyyət göstərməyin hansı çətinlikləri var?

- Müəyyən çətinliklər olur. Amma rəhbərliyimizin dəstəyi sayəsində akademiyamızda yaxşı şərait yaradılıb. Hətta başqa bölgələrdən gələn uşaqlarımız burada qalırlar. Onların məşq etməsi və inkişafı üçün imkanlar var. Ümumilikdə şəraitimizdən razıyıq.

- Başqa bölgələrdən gələn uşaqlar dedikdə hansı məsafəni nəzərdə tutursunuz?

- Müxtəlif bölgələrdən uşaqlarımız var. Məsələn, İsmayıllıdan, Zaqataladan gələnlər var. Qaxdan və Şəkidən də futbolçularımız olur. Onların bəziləri burada qalaraq akademiyada məşqlərini davam etdirirlər.

- Bu uşaqları akademiya özü seçib gətirir, yoxsa onlar müraciət edirlər?

- Əsasən seleksiya zamanı gəlirlər. Seçimlər keçiririk, uşaqları izləyirik və bacarığı ilə seçilənləri akademiyaya cəlb edirik.

İdman.Biz