Futbol üzrə AFFA İntizam Komitəsi İkinci Liqanın ikinci turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, ən ağır cəza “Difai”nin futbolçusu Emil Binyətzadəyə verilib.
“Marafon”la oyunun 90+4-cü dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə alan, daha sonra hakimləri təhqir edən futbolçu dörd oyunluq diskvalifikasiya olunub. “Difai” 1000 manat cərimələnib.
“Kür-Araz”ın futbolçusu Elxan Məmmədov “Şəki” ilə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, üç oyunluq cəzalandırılıb, klub isə 300 manat cərimə edilib.
“Dinamo”nun futbolçusu Əli Məmmədli hakimin qərarına etiraz səbəbindən ikinci sarı vərəqədən sonra meydandan qovulub. O, bir oyunluq diskvalifikasiya edilib, klub 250 manat cərimə olunub.
“Zəngəzur”un futbolçusu Firuz Əhmədov, “Difai”dən Fəzail Şirxanzadə və “Ağstafa Gəncləri”ndən Eşqin Kərimli ikinci sarı vərəqədən sonra qırmızı vərəqə aldıqları üçün hər biri bir oyunluq cəzalandırılıb. Klubların hər biri 50 manat cərimə edilib.
“Şirvan” komandasının ikinci hissəyə gec çıxması səbəbindən klub 300 manat cərimələnib.
“Ağdaş” isə üç ayrı qayda pozuntusuna görə ümumilikdə 370 manat cərimə olunub. Komandanın beş futbolçusunun sarı vərəqə almasına görə 70 manat, təşkilati-texniki öhdəliklərin pozulmasına görə 100 manat, Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən oyunun gec başlamasına görə isə 200 manat cərimə tətbiq edilib.
“Şəmkir”in beş futbolçusunun sarı vərəqə almasına görə klub 70 manat, “Zəngəzur”un matçın ilkin protokolunu elektron bazada gec təsdiqləməsinə görə isə 150 manat cərimə müəyyənləşdirilib.
AFFA Gənclər Liqasında keçirilən “Araz Naxçıvan” - “Qarabağ” oyununda isə “Qarabağ”ın köməkçi məşqçisi Səbuhi Həsənov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılıb. O, növbəti iki oyuna buraxılmayacaq.
