Adil Şükürov: “İki futbolçunu əsas komandaya cəlb etmişik”

10 Sentyabr 2026 13:08
83
Adil Şükürov: “İki futbolçunu əsas komandaya cəlb etmişik”

“Sumqayıt” Futbol Akademiyasının koordinatoru Adil Şükürov akademiyada görülən işlər və gələcək planlar barədə danışıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis əsas diqqətin seleksiya işlərinə və Sumqayıtda fəaliyyət göstərən futbol məktəbləri ilə əməkdaşlığa yönəldildiyini bildirib. Şükürovun sözlərinə görə, məqsəd istedadlı futbolçuları üzə çıxarmaq və onları gələcəkdə əsas komandaya hazırlamaqdır.

“İlk növbədə Sumqayıtda fəaliyyət göstərən futbol məktəblərində yetişən uşaqlara diqqət ayırırıq. Burada futbolu yaxşı bilən mütəxəssislər çalışırlar. Mövcud strukturu təhlil etmişik və sistemi daha da inkişaf etdirməyə çalışırıq”, - deyə Şükürov sport24.az-a bildirib.

O vurğulayıb ki, akademiya yetirmələrinin motivasiyasını artırmaq üçün əsas komandada çıxış edən futbolçular aşağı yaş qruplarının məşqlərinə dəvət olunublar.

Şükürov akademiyadan əsas komandaya yüksələn futbolçuların da olduğunu açıqlayıb:

“İşə başladığım gündən klub prezidenti Riyad Rəfiyevin dəstəyi ilə iki futbolçunu əsas komandaya cəlb etmişik. “Sumqayıt” ötən mövsüm öz akademiyasının yetirmələrinə üstünlük verən əsas komandalardan biri olub”.

Akademiyanın fəaliyyəti yalnız Sumqayıtla məhdudlaşmayacaq.

“Yaxın vaxtlarda Sumqayıta yaxın rayonlarda fəaliyyət göstərən futbol məktəblərinin rəhbərləri və məşqçiləri ilə görüşəcəyik. Məqsədimiz odur ki, “Sumqayıt” Futbol Akademiyası təkcə şəhərin deyil, əsasən Şimal zonasının istedadlı uşaqlarının üz tutduğu futbol mərkəzinə çevrilsin”.

İdman.Biz