Misli Premyer Liqasının dördüncü turunda “Neftçi”yə 1:4 hesabı ilə uduzan “Şəfa”nın baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında açıqlamalar verib.
İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmanın gedişini və nəticəni belə dəyərləndirib:
“Birinci hissədə daha intizamlı oynamağı bacardıq. Bir səhvdən qol buraxdıq. İkinci hissəyə də pis başlamamışdıq. Ardıcıl gələn qollardan sonra komanda ruhdan düşdü. Belə oyunlarda komandanın təcrübəsi daha da artır. Düşünürəm ki, bu məğlubiyyətin bizə çox xeyri olacaq”.
Qapıçı Nicat Mehbalıyevin çıxışı ilə bağlı suala cavab verən baş məşqçi onun bir neçə mövsümdür stabil oynamadığını xatırladıb:
“Biz istəyirik ki, onu yenidən qazanaq. Ona görə də üstünə çox getmirik. Tək onun səhvinə görə məğlub olduğumuzu düşünmürəm”.
Zaur Həşimov heyət seçimi ilə bağlı peşman olmadığını da vurğulayıb:
“Xeyr, belə düşünmürəm. Futbolçularıma güvənirəm”.
