Misli Premyer Liqasının dördüncü turunda “Şəfa”nı 4:1 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında oyunu şərh edib.
İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis qarşılaşmanın çətin keçdiyini və komandasının üzərində hələ çox çalışmalı olduğunu bildirib.
Rəqibin oyununa toxunan Vernidub deyib:
““Şəfa” Premyer Liqanın yeni iştirakçısı olsa da, bu amil onların potensialını tam əks etdirmir. Rəqib kifayət qədər nizamlı və səliqəli təşkil olunmuş kollektivdir. Onların 5-3-2 taktiki sxemi ilə mübarizə aparması müdafiə xəttini aşmağımızı xeyli çətinləşdirdi. İlk hissədə bunu aydın hiss etdik. Yalnız Rüfət Abbasovun baxımlı qolu sayəsində hesabı açmaq mümkün oldu.
Bu matç bizə həll etməli olduğumuz məsələlərin hələ çox olduğunu bir daha göstərdi. Ümumiyyətlə, qarşıda bizi böyük həcmdə görüləsi işlər gözləyir. Fasilədən dərhal sonra standart vəziyyətdən qapımızda qol gördük, lakin yetirmələrimin bundan sonra göstərdiyi iradədən və reaksiyadan məmnun qaldım. Buraxılan qoldan dərhal sonra tempin artırılması nəticəsində rəqib qapısına ardıcıl üç qol vurduq. Matç ərzində neçə dəfə dirəkləri və tiri nişan aldığımızı artıq xatırlamıram. Əsas odur ki, qələbə qazandıq və inamla irəliləməyə davam edəcəyik”.
Heyət dəyişiklikləri və yeni transferlərlə bağlı danışan baş məşqçi bunun cəza tədbiri olmadığını vurğulayıb:
“Qapıçılar nəzərə alınmaqla, ümumilikdə 22 oyunçudan ibarət heyətimiz var. Buraya həmçinin zədəli olduğu üçün tezliklə sıralarımıza dönəcək Ştoqrini də əlavə etmək lazımdır. Elvin Bədəlov isə qırmızı vərəqə cəzası səbəbindən bu görüşdən kənarda qaldı. Digər oyunçuların hamısı məşqlərdə var gücləri ilə çalışırlar.
Mən futbolçulara qarşı cəza metoduna əl atmıram, sadəcə hər matçın xüsusiyyətlərinə uyğun qərarlar verirəm. “Zirə” ilə keçirilən əvvəlki qarşılaşmada istədiyimiz oyunu sərgiləyə bilmədik və mən də buna adekvat reaksiya göstərdim. Həmin görüşdə çox az qol şansı yaratmışdıq. Bu dəfə isə “Şəfa” ilə matçda “Zirə” ilə görüşdə tam tətbiq edə bilmədiyimiz pressinq elementinə üstünlük verməyi qərara aldıq və futbolçular bu tapşırığın öhdəsindən layiqincə gəldilər.
Yeni transferimiz Şevelə gəlincə, biz onu uzun müddətdir izləyirdik. O, rəqabətədavamlı Şotlandiya çempionatından gəlib və orada mövsümün ən yaxşı mərkəz yarımmüdafiəçisi adına layiq görülüb. Bu oyunçunu heyətimizə qatmaq istəyirdik və istəyimizə nail olduq”.
Gənc hücumçu Rüfət Abbasovun çıxışını da dəyərləndirən çalışdırıcı onunla aparılan söhbətlərə toxunub:
“Rüfət həm gəncdir, həm də milli komandanın şərəfini qoruyur. Biz onunla qarşıdakı gözləntilərimiz və tələblərimiz barədə açıq söhbət etmişik. Eyni zamanda məşq prosesinə və toplanışlara necə yanaşmalı olduğunu müzakirə etdik. O, bu matçda həqiqətən də möhtəşəm qola imza atdı. Təbii olaraq sol ayaqlı olsa da, topu sağ ayağı ilə qapıdan keçirdi. Hətta ikinci dəfə də fərqlənmək şansı vardı, lakin zərbəsi dirəkdən döndü”.
