MOİK-in baş məşqçisi: “Futbolçularımın çıxışından razı qalmadım”

5 Sentyabr 2026 18:28
91
MOİK-in baş məşqçisi: “Futbolçularımın çıxışından razı qalmadım”

“Mövsümün ilk oyununun ağır keçəcəyini bilirdik. Rəqibimiz də həqiqətən güclü komanda idi. “Şahdağ Qusar” da bizim kimi heyəti yenidən formalaşıb”.

Bu sözləri MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.

47 yaşlı mütəxəssis komandasının Birinci Liqanın ilk turunda “Şahdağ Qusar”a məğlub olduğu oyunu şərh edib.

“Futbolçularımın çıxışından razı qalmadım. Oyunumuz planlaşdırdığımız kimi alınmadı. İstədiyimiz kimi oynaya bilmədik və məğlub olduq. Rəqibə qarşı hazırladığımız planı tam şəkildə həyata keçirə bilmədik. Xüsusilə görüşün müəyyən hissələrində istədiyimiz futbolu nümayiş etdirə bilmədik. Heyətdə itkimiz də var idi. Yeni transferimiz Yusif Nəbiyevin zədəsi olduğu üçün matçı buraxdı. Təbii ki, belə futbolçuların olmaması bizim üçün itkidir. Qarşıdakı matçlarda çatışmazlıqlarımızı aradan qaldırmağa və daha yaxşı çıxış etməyə çalışacağıq”, - deyə o sport24.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, MOİK - “Şahdağ Qusar” matçı qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.

İdman.Biz