Azər Bağırov “İmişli”yə məğlubiyyətdən sonra hakim qərarına toxunub

25 Oktyabr 2026 21:10
103
Azər Bağırov “İmişli”yə məğlubiyyətdən sonra hakim qərarına toxunub

Misli Premyer Liqasının doqquzuncu turunda “İmişli”yə səfərdə 1:2 hesabı ilə məğlub olan “Şamaxı”nın baş məşqçisi Azər Bağırov qarşılaşmanı dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında məğlubiyyətin əsas səbəbi kimi futbolçularının buraxdığı səhvləri göstərib.

Bağırov rəqib komandada baş verən məşqçi dəyişikliyini nəzərə aldıqlarını və futbolçularını buna uyğun hazırlamağa çalışdıqlarını bildirib.

“Qarşılaşmanın çətin olacağını əvvəlcədən bilirdik. “İmişli”də baş məşqçi dəyişikliyi olmuşdu və biz də hazırlığımızı buna uyğun qurmuşduq. Lakin ilk hissədə ötürmələr zamanı çoxlu səhvlərə yol verdik. Ən çox təəssüfləndirən məqam odur ki, rəqib hər iki qol epizodunda təhlükəli vəziyyəti özü yaratmadı. Qollar bizim səhvlərimizdən sonra vuruldu”, - deyə çalışdırıcı qeyd edib.

Baş məşqçinin sözlərinə görə, fasilədən sonra “Şamaxı” daha yaxşı oyun nümayiş etdirib və hesabı bərabərləşdirməyi bacarıb. Lakin qarşılaşmanın sonlarında təyin olunan penalti komandanın məğlubiyyəti ilə nəticələnib.

“İkinci hissədə toparlandıq, oyuna yaxşı başladıq və qolumuzu vurduq. Təəssüf ki, son dəqiqələrdə qapımıza penalti təyin olundu. Həmin epizodun hakimlər tərəfindən necə qiymətləndirildiyini bilmirəm. Bu məsələyə çox qarışmaq istəmirəm”, - deyə Bağırov bildirib.

Mütəxəssis komandasının qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə etmək üçün çalışacağını vurğulayıb.

“Məğlub olduq, amma yolumuza davam etməliyik. Daha güclü və möhkəm kollektiv formalaşdırmağa çalışacağıq. Qarşımıza çıxan çətinlikləri aradan qaldırmaq istəyirik. İnanıram ki, hər şey yaxşı olacaq və növbəti matçlara daha hazırlıqlı çıxacağıq”, - deyə baş məşqçi fikrini tamamlayıb.

İdman.Biz