Dambrauskas: “Futbolçularıma top-klublardan təklif gəlsə, sevinərəm”

25 Oktyabr 2026 20:59
99
Dambrauskas: “Futbolçularıma top-klublardan təklif gəlsə, sevinərəm”

“Sabah” futbol komandasının baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının doqquzuncu turunda “Qarabağ”la keçirilən və 0:0 hesabı ilə başa çatan qarşılaşmanı şərh edib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis matçdan sonrakı mətbuat konfransında nəticəni ədalətli hesab etdiyini bildirib.

Dambrauskas hər iki komandanın müdafiədə etibarlı çıxış etdiyini, lakin ilk hissədə hücumda daha çox vaxt keçirən tərəfin “Sabah” olduğunu vurğulayıb.

“Bu gün çox keyfiyyətli rəqiblə qarşılaşdıq. Hər iki komandanın müdafiə xətti yaxşı oynadı. İlk hissədə hücumda daha fəal idik. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir. Təəssüf ki, qollar olmadı. Stadionda çox gözəl atmosfer var idi, amma azarkeşlər qol sevinci yaşaya bilmədilər”, - deyə baş məşqçi bildirib.

“Azərbaycanın bütün stadionlarında olmamışam, amma buradakı şərait çox yaxşıdır. Əvvəllər oyunlara getmək üçün avtobusda uzun müddət yol qət edirdik. Hətta bəzi futbolçuların ürəyi bulanırdı. İndi isə stadiona cəmi 15 dəqiqəyə çatırıq. Bu, bizim üçün böyük rahatlıqdır”, - deyə Dambrauskas komandasının hazırda çıxış etdiyi stadionun şəraitindən danışarkən qeyd edib.

Baş məşqçi Rəhman Daşdəmirovun ehtiyatda qalmasına da aydınlıq gətirib. O, mövsüm ərzində sıx oyun təqviminin rotasiyanı zəruri etdiyini bildirib:

“Rəhman indiyədək komandamız üçün çox iş görüb. Ancaq mövsüm ərzində 50-dən çox qarşılaşma keçirəcəyik. Buna görə heyətdə dəyişikliklər etməliyik. Gələcəkdə onu yenidən start heyətində görə bilərsiniz”.

Dambrauskas futbolçularına Avropanın böyük klublarından təkliflərin gəlməsi ehtimalına da münasibət bildirib. O, belə transferlərin baş tutmasını müsbət qarşılayacağını söyləyib.

“Futbolçularıma top-klublardan təklif gəlsə, çox xoşbəxt olaram və bununla fəxr edərəm. Belə vəziyyətdə gedən oyunçuların əvəzinə yenilərini gətirməyə çalışacağıq. Heç nə əbədi deyil, müqavilələr başa çatır, yeniləri imzalanır. Oyunçularımın inkişaf etməsi məni sevindirər”, - deyə baş məşqçi əlavə edib.

Litvalı mütəxəssis “Qarabağ”la qarşılaşmanı Dortmund “Borussiya”sına qarşı keçirilən oyunla müqayisə etməyin düzgün olmadığını da bildirib.

“Bunlar tamamilə fərqli matçlardır. “Borussiya” üç müdafiəçi ilə oynayır. Hər rəqibə fərqli yanaşırıq. Hazırlıq üçün vaxtımız azdır və daim təhlillər aparmalıyıq. Qarşıda “Turan Tovuz”, daha sonra isə “Vikinq”lə oyunlarımız var. Sevindirici haldır ki, futbolçularım verilən tapşırıqları meydanda düzgün yerinə yetirirlər”, - deyə Dambrauskas fikrini tamamlayıb.

İdman.Biz