Dambrauskasdan 5:0-lıq qələbə açıqlaması: "Bu matçı unudub..."

5 Sentyabr 2026 23:25
98
Dambrauskasdan 5:0-lıq qələbə açıqlaması: "Bu matçı unudub..."

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının dördüncü turunda "Zirə" üzərində qazanılan qələbəni (5:0) şərh edib.

İdman.Biz xəbər verir ki, Dambrauskas futbolçulardan razı qaldığını və oyun üçün verilən tapşırıqları tam yerinə yetirdiklərini bildirib.

"Biz oyun planını çox yaxşı yerinə yetirdik. İlk dəqiqələrdən inamla hərəkət etdik və hesabı tez açdıq. Hücumda komanda kifayət qədər aqressiv idi. Üçüncü qoldan sonra futbolçuların bəzi hərəkətləri məni bir qədər məyus etdi, lakin ümumilikdə beş qol vurub qapını toxunulmaz saxlayanda narazı qalmaq çətindir. İndi bu matçı unudub növbəti qarşılaşmaya köklənməliyik", - deyə mütəxəssis bildirib.

Umaralı Rahmonəliyev və Stiv Solvetin zədəli ilə bağlı sualı cavablandıran Dambrauskas hələlik dəqiq məlumata malik olmadığını qeyd edib. Onun sözlərinə görə, Solvet MRT müayinəsindən keçmək üçün xəstəxanaya yollanıb və ilkin ehtimala əsasən, zədə ciddi ola bilər.

"Hələlik dəqiq deyə bilmərəm. Solve MRT-dən keçmək üçün xəstəxanaya gedib. Görünür, zədə ciddi ola bilər", - deyə mütəxəssis vurğulayıb.

"Sabah"ın akademiyanı dəstəkləmək üçün fond yaratmaq və onun inkişafına 10 milyon manat yönəltmək qərarını şərh edən Dambrauskas klubla qürur duyduğunu bildirib və bunu gələcəyə edilən vacib sərmayə adlandırıb.

"Klubumuzun belə bir qərar qəbul etməsindən qürur duyuram. Qazanılan vəsaitin bir hissəsinin uşaq-gənclər futbolunun inkişafına yönəldilməsi əladır. Əminəm ki, bu, təkcə "Sabah"ın deyil, həm də bütün Azərbaycan futbolunun gələcəyinə edilən sərmayədir", - deyə Dambrauskas qeyd edib.

İdman.Biz