Ramil Şeydayev: “Hədəfimiz Super Liqaya çıxmaqdır”

Xəbərlər
24 Yanvar 2024 13:57
755
Ramil Şeydayev: “Hədəfimiz Super Liqaya çıxmaqdır”

“Eyupspor”la oyunumuz yaxşı alındı. Qarşılaşma dinamik və sürətli keçdi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev deyib.

Qış transfer pəncərəsində “Kocaelispor”a keçən hücumçu Türkiyə klubunun bugünkü məşqindən əvvəl jurnalistlərin suallarını cavablandırıb. O, “Eyupspor”la ötən həftəsonu keçirilən matç barədə danışıb: “Möhtəşəm atmosfer var idi. “Eyupspor” üçün çətin matç oldu. Azarkeşlərimiz sayəsində qalib gəlməyi bacardıq. Çünki onlar rəqib komanda üzərində təzyiq yaratdılar. Açığını deyim ki, bu da mənim xoşuma gəldi. Ümumilikdə yaxşı oyun olduğunu deyə bilərəm”.

Şeydayev vaxtilə “Kocaelispor”da oynamış Rəşad Sadıqovla söhbətindən də bəhs edib: “Bura gəlməzdən əvvəl Sadıqovla danışdım. Amma söhbətimiz çox uzun olmadı. O, daha çox azarkeşlərdən söz açdı. Mənə çox yaxşı tərəfdarlarımızın olduğunu söylədi. Ardınca bura gəlməkdə yekun qərarı özümün verməli olduğumu bildirdi. Dedi ki, hisslərin necə deyirsə, özün üçün necə yaxşı olacağını düşünürsənsə, o şəkildə qərar ver. Mən də bura gəlməyə üstünlük verdim”.

28 yaşlı hücumçu yeni klubuna adaptasiya ilə bağlı fikirlərini bölüşüb: “Mənim üçün uyğunlaşmaq asan olacaq. Çünki komandada yaxşı yoldaşlıq var. Üstəlik, Türkiyəni tanıyıram, dilinizi də bir az bilirəm. Din baxımından fərqimiz yoxdur. Eyni dinə mənsubuq. Komanda yoldaşlarımla yaxşı vaxt keçiririk. Mənim üçün hər şey yaxşı gedir”.

Şeydayev 1-ci liqanın qarşıdakı turunun “Altay”la matçında iştirak edə bilməsinə də toxunub: “Təbii ki, “Altay”la görüşdə oynamaq istəyirəm. Bu, baş məşqçimizin qərarıdır. Həmişə baş məşqçinin qərarına hörmətlə yanaşıram. Çempionluğa addım-addım getmək lazımdır. Hazırda hədəfimiz Super Liqaya çıxmaqdır. Buna çempion kimi nail olmaq üçün addım-addım, oyun-oyun irəliləyəcəyik. Bu hədəf üçün çalışacağıq”.

İdman.biz

Məqalədə: