“Səbail” futbol klubunun adı dəyişdirilir.
İdman.Biz xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumatda bildirilir ki, regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir:
“Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcək olması bizim üçün böyük qürur və sevinc mənbəyidir.Bu dəyişiklik təkcə klubun adının yenilənməsi deyil, həm də region futbolunun inkişafı, yerli istedadların üzə çıxarılması və Qubada futbol ənənələrinin daha da gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır”.
Qeyd edək ki, klub 2016-cı ildə yaradılıb. 2026-cı ilin yayında klub rəhbərliyində və strukturunda ciddi dəyişikliklər baş verib və komanda Qubadan olan investorlar tərəfindən satın alınıb.
