“Ötən gün Gəncə şəhər stadionunu 13 mindən çox azarkeş doldurmuşdu, əgər könüllülər olmasaydı çətinliklə üzləşə bilərdik”.
Bu sözləri üç illik fasilədən sonra doğma arenasına qayıdan “Kəpəz” futbol klubunun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov İdman.Biz-ə açıqlamasında bildirib.

Gəray Qiyasov fikrinin davamında vurğulayıb ki, ötən gün təhlükəsizlik tədbirləri də lazımi səviyyədə qorundu.
“Təbii ki, yeni stadionda böyük azarkeş kütləsi qarşısında ilk təcrübəmiz idi, müəyyən çətinliklərimiz də oldu, istənilən halda, düşünürəm ki, bu sınağın öhdəsindən gəldik”.
Gəray Qiyasov saytımıza açıqlamasında klubdan ayrılmağı ilə bağlı məsələyə də aydınlıq gətirdi:
“Bəli, yayılan informasiya doğrudur, bu gün “Kəpəz” klubunda son iş günümdür. Növbəti oyunlarda mən artıq “Kəpəz”də olmayacağam. Sevinirəm ki, mənə doğma olan klubdan qələbə ilə ayrılıram. Lakin bir gəncəli olaraq hər zaman doğma klubuma azarkeşlik edəcəyəm”.
Qeyd edək ki, ötən gün üç illik fasilədən sonra “Kəpəz” Misli Premyer Liqasının 3-cü turunda "Turan Tovuz"u yenidən inşa olunan Gəncə şəhər stadionunda qəbul edib. Oyun gəncəlilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
