“Neftçi”nin yeni transferi: "Universal futbolçuyam"

29 Avqust 2026 02:48
89
“Neftçi”nin yeni transferi: "Universal futbolçuyam"

"Neftçi" komandasının yeni transfer etdiyi futbolçu Denzel Jubitana Azərbaycan haqqında ilk təəssüratlarını bölüşüb və güclü tərəflərini sadalayıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Surinam millisinin futbolçusu bura gəlməzdən əvvəl də tanıdığı oyunçulardan Azərbaycan barədə müsbət fikirlər eşitdiyini bildirib.

"Azərbaycan Avropaya o qədər də yaxın olmasa da, burada oynamış bir neçə dostum var. Onlardan yalnız müsbət rəylər eşitmişdim. Etiraf edim ki, ilk təəssürat məni təəccübləndirdi. Burada hər şey çox gözəl görünür, insanlar çox sülhsevərdir, ölkə isə çox təmizdir. Doğrusu, belə səmimi qarşılanacağımı gözləmirdim. Əvvəllər oxşar şeylə qarşılaşmamışdım", - deyə Jubitana bildirib.

Oyun keyfiyyətlərindən danışan "Neftçi"nin yeni transferi komandaya yalnız yaradıcılıqda değil, həm də məhsuldar hərəkətlərlə fayda verəcəyinə inandığını vurğulayıb:

"Ən güclü tərəflərimdən biri kreativliyimdir. Meydanda özümü azad hiss etməyi və imkanlar yaratmağı sevirəm. Ümid edirəm ki, qollarım və məhsuldar ötürmələrimlə komandaya faydalı olacağam. Mən universal futbolçuyam və müxtəlif mövqelərdə oynaya bilirəm. Fiziki cəhətdən tam hazıram, lakin daha tez uyğunlaşmaq üçün komanda ilə birlikdə məşq etməliyəm", - deyə yarımmüdafiəçi əlavə edib.

Xatırladaq ki, "Neftçi" 27 yaşlı Jubitana ilə 2 illik müqavilə bağlayıb. Futbolçunun son klubu Yunanıstan "Atromitos"u olub.

İdman.Biz