“Neftçi”də 7-ci, Azərbaycan çempionatlarında 62-ci

Xəbərlər
23 Yanvar 2024 15:12
95
“Neftçi”də 7-ci, Azərbaycan çempionatlarında 62-ci

Azərbaycan çempionatlarında daha bir legioner baş məşqçi debüt edib.

İdman.biz xəbər verir ki, bu, Premyer Liqanın XIX turunda gerçəkləşib.

“Neftçi” yeni baş məşqçisi Miodraq Bojoviçin rəhbərliyi altında ilk qarşılaşmaya çıxıb. “Sabah”la səfər görüşü 0:0 hesabı ilə başa çatıb.

Bojoviç Azərbaycan çempionatları tarixinə 62-ci legioner baş məşqçi kimi düşüb. Onadək 61 mütəxəssis ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

O, Premyer Liqa tarixində 2-ci monteneqrolu mütəxəssisdir. “Bakı”nın baş məşqçisi olmuş Bojidar Bandoviç 2012/13 mövsümündə komandaya 32 oyunda rəhbərlik edib.

Bojoviç “Neftçi”nin tarixində 7-ci əcnəbi mütəxəssisdir. Ona qədər ukraynalı Anatoli Demyanenko, almaniyalı Hans-Yurgen Gede, çexiyalı Vlastimil Petrjela, italiyalı Roberto Bordin, rumıniyalılar Laurentsiu Regekampf və Adrian Mutu “ağ-qaralar”a rəhbərlik edib.

İdman.biz

Məqalədə: