“Sabah” tarixi uğur münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

26 Avqust 2026 20:19
92
“Sabah” tarixi uğur münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

“Sabah” futbol klubu komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə tarixi vəsiqəsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikinə görə təşəkkürünü bildirib.

İdman.Biz xəbər verir ki, Bakı klubu turnirin pley-off mərhələsində İsrailin Beer-Şeva “Hapoel” komandası üzərində qələbədən sonra dövlət başçısına müraciət yayımlayıb.

“Hörmətli cənab Prezident!

“Sabah” futbol klubunun tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsinə göstərdiyiniz xüsusi diqqətə görə dərin minnətdarlığımızı bildiririk. Sizin təbrikiniz komandamız üçün bu qələbənin sevincini daha da artırdı.

Azərbaycan idmanının, o cümlədən futbolun inkişafına göstərdiyiniz daimi diqqət və qayğı, idman klublarının inkişafı üçün yaradılan imkanlar belə tarixi nailiyyətlər üçün böyük stimul olmaqla yanaşı, məsuliyyətimizi də daha da artırır.

Biz ölkəmizi Avropanın ən nüfuzlu futbol turnirində layiqincə təmsil etmək və Azərbaycan futbolunun adını daha yüksək səviyyəyə qaldırmaq əzmi ilə mübarizəmizi davam etdirəcəyik.

Biz sona qədər mübarizə aparmaq əzmini və qələbəyə inanmağı Sizdən öyrənirik. Azərbaycan xalqının böyük qələbələrinin yaradıcısı kimi, biz də Sizdən güc və ilham alırıq.

“Sabah” futbol klubu adından göstərdiyiniz xüsusi diqqətə görə bir daha dərin minnətdarlığımızı bildiririk”, - müraciətdə deyilir.

Xatırladaq ki, “Sabah” qarşıdurmanın ilk oyununda “Hapoel”ə 1:2 hesabı ilə uduzub, Bakıda keçirilən cavab görüşündə isə əlavə vaxtda 5:2 hesablı qələbə qazanaraq tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz