“Tvente”nin baş məşqçisi Con van den Brom “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçında komandasının bəhanə üçün səbəbinin olmadığını bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bunu UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək qarşılaşmadan əvvəl mətbuat konfransında deyib.
Van den Brom ilk oyundakı çatışmazlıqları aradan qaldırmağa çalışdıqlarını və cavab görüşünə kifayət qədər hazırlaşdıqlarını vurğulayıb:
“Oyundan bir neçə gün öncə gəlməyimiz futbolçular üçün rahatlıq deməkdir. Hazırlaşmağa kifayət qədər vaxtımız oldu. İlk oyunda zəif çıxış etdiyimiz məqamları düzəltməyə çalışmışıq və buna kifayət qədər vaxt ayırmışıq. Sabah əvəz çıxmaq və mərhələni keçmək üçün yaxşı imkanımız olacaq. Artıq heç bir bəhanəmiz ola bilməz, nəticə qazanmalıyıq”.
Qeyd edək ki, “Qarabağ” – “Tvente” görüşü avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında Niderlandda baş tutan ilk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
