“Liverpul” “Valensiya”nın 19 yaşlı hücumameyilli futbolçusu David Otorbini heyətinə qatmaq üçün hərəkətə keçib.
İdman.Biz" Tribuna Deportiva"ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi həm İspaniya klubunun rəhbərliyinə, həm də futbolçunun nümayəndələrinə müqavilədə nəzərdə tutulan 30 milyon avroluq (təxminən 59 milyon manat) sərbəstqalma məbləğini ödəməyə hazır olduğunu çatdırıb.
Lakin “Valensiya” Otorbini itirmək niyyətində deyil. Klub “Liverpul”u qabaqlayaraq futbolçunun müqaviləsini daha üç il uzatmaq hüququndan istifadə etməyi planlaşdırır. Bu baş verərsə, gənc vingerin sərbəstqalma məbləği ikiqat artaraq 60 milyon avroya (təxminən 118 milyon manat) çatacaq.
Otorbi cari mövsüm La Liqada səkkiz qarşılaşmada meydana çıxıb və bir qol vurub.
Qeyd edək ki, ispaniyalı futbolçunun “Valensiya” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı onun bazar dəyərini 3,5 milyon avro qiymətləndirir.
